Yuxarı

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

Robert Uolter erməni silahlı bölmələrinin daim atəşinə məruz qalan Tərtər rayonunun Qapanlı kəndinə də gedib, sakinlərlə görüşüb

Səfər zamanı Robert Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər və Demokratiya Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolter sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşdə cəbhəboyu zonaya, xüsusilə təmas xəttinə səfər edərək yerli əhali və şəxsi heyətlə görüşmək niyyətində olduğunu bildirib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq xahişi müsbət qarşılanaraq onun təhlükəsizliyi təmin olunmaqla Müdafiə Naziriliyinin nümayəndələrinin müşayiəti ilə qonaq helikopterlə cəbhə bölgəsinə aparılıb.

Səfər zamanı R.Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib.

Erməni silahlı bölmələri tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd sakinləri ilə görüşdə son günlər düşmən tərəfinin vəziyyəti daha da gərginləşdirərək minaatanlardan və iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutması faktı qonağın diqqətinə çatdırılıb. O da bildirilib ki, hətta bir neçə gün əvvəl kənddə keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində iki qadın və bir uşaq güllə yaraları alıblar.

R.Uolter səfər zamanı əldə etdiyi məlumatlardan yararlanacağını bildirib və problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.

Müxtəlif istiqamətlərdə ön səngərlərdə döyüş tapşırığı yerinə yetirən hərbi qulluqçularla görüşlərdə isə qonaq əsgər və zabitləri dinləyib, onların suallarını cavablandırıb, eləcə də onun özünü maraqlandıran məsələlərə cavab tapıb.

Bölgələrə səfəri başa çatdıqdan sonra R.Uolter Bakıya qayıdıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi