AŞPA məruzəçisi: "Ermənistan nümayəndə heyəti bizimlə əməkdaşlıqdan imtina edib"

AŞPA məruzəçisi: "Ermənistan nümayəndə heyəti bizimlə əməkdaşlıqdan imtina edib" "AŞPA Azərbaycanın sərhəd rayonlarının sadə sakinlərinin iztirabına göz yuma bilməz"
Qarabağ
26 Yanvar , 2016 14:16
AŞPA məruzəçisi: Ermənistan nümayəndə heyəti bizimlə əməkdaşlıqdan imtina edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Militsa Markoviç AŞPA-nın qış sessiyası çərçivəsində "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" adlı hesabatını təqdim edib.

"Report" xəbər verir ki, AŞPA-dakı çıxışı zamanı xanım məruzəçi Azərbaycanın sərhədyanı ərazilərinin sakinləri üçün içməli su mənbəsi olan kanalların 80 faizinin öz mənbəyini Ermənistanın işğal etdiyi ərazilərdən götürdüyünü və buna görə də sərhəd rayonlarının sakinlərinin içməli su qıtlığı yaşadığını qeyd edib.

"Münaqişənin siyasi tərəfləri ilə müvafiq səlahiyyətləri olan ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞPA da Azərbaycanın sərhəd rayonlarının sadə sakinlərinin iztirabına göz yuma bilməz", - deyə məruzəçi bildirib. O, AŞPA-nı bu hesabatı qəbul etməklə Assambleyanın sadə əhalinin əzablarıyla barışmayacağını və problemin həlinin zəruriliyini nümayiş etdirməyə çağırıb.

M.Markovic bildirib ki, hesabatın hazırlanması zamanı Azərbaycana səfər edib, amma Ermənistana səfər edə bilməyib: "Bu, mənim istəyimlə olmayıb. Səbəb Ermənistan nümayəndə heyətinin bizimlə əməkdaşlıqdan imtina etməsidir".

Ardından çıxış edən deputatlar hesabatlarının hazırlanmasında bütün tərəflərin əməkdaşlıq etməsinin zəruriliyini qeyd edib. Onlar, həmçinin vurğulayıblar ki, ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günə qədər həll olunmamış problem olaraq qalır. Deputatlar cəbhənin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının olmasıyla bağlı narahatlıqlarını da bildirib.

Son xəbərlər

Orphus sistemi