Yuxarı

AŞPA Komitəsi Ermənistanı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb

Qətnamə layihəsi AŞPA-nın yanvar sessiyası çərçivəsində müzakirə olunacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Komitəsi Ermənistanı qoşunlarını Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb. Bununla da təşkilat Azərbaycanın bu ərazilərdə tam suverenliyini tanıdığını göstərib. "Report" xəbər verir ki, bu barədə AŞPA-nın Siyasi Məsələlər Komitəsinin qəbul etdiyi və AŞPA-nın rəsmi saytında yerləşdirilən qətnamədə deyilir.

Komitə, həmçinin etimadın gücləndirilməsi üzrə bir sıra məsələlərin, o cümlədən Naxçıvana çıxış üçün dəhlizin yaradılmasının həyata keçirilməsinə çağırıb. Eyni zamanda Komitə təmas xəttinə yaxın yerlərdə yaşayan mülki vətəndaşlara qəsdən hücumların edilməsini qınayıb.

"Əlavə gecikmələr bu dondurulmamış, 2014-cü ildən bəri 100-dən çox insanın həyatını itirməsi ilə nəticələnən və Avropa Şurasına iki üzv-dövlət arasında əsl müharibəyə çevrilə biləcək münaqişənin həllini yalnız çətinləşdirir", - qətnamədə deyilir.

Komitə 2001-ci ildə həm Ermənistanın, həm də Azərbaycanın Avropa Şurasına daxil olarkən münaqişənin həlli yolunda yalnız dinc vasitələrdən istifadə edəcəyi ilə bağlı öhdəlik götürdüyünü xatırladaraq hər iki ölkə hakimiyyətini hərbi güc tətbiqindən çəkinməyə çağırıb.

Komitə, həmçinin Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində təhlükəsizliyin qorunması məqsədilə ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yaradılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə qaytarılmasını, habelə atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasını istəyib.

Qərara alınıb ki, Robert Uolterin (Böyük Britaniya) hazırladığı hesabat əsasında qəbul edilmiş qətnamə layihəsi AŞPA-nın yanvar sessiyası çərçivəsində müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi