Yuxarı

AŞPA həmməruzəçisi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların təcili bərpa edilməsini istəyib

Ştefan Şennax bir müddət əvvəl təmas xəttində vəziyyətin gərginləşməsiylə bağlı ciddi narahatlığını ifadə edib

Bakı. 13 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanı monitorinq üzrə həmməruzəçisi Ştefan Şennax bir müddət əvvəl təmas xəttində vəziyyətin gərginləşməsi və hər iki tərəfdən, o cümlədən dinc əhali arasında ölüm hallarının olmasıyla bağlı ciddi narahatlığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə həmməruzəçinin Azərbaycana üçgünlük səfərinin yekunlarıyla əlaqədar yaydığı bəyanatda deyilir.

Ş.Şennax yenidən atəşkəs rejiminin bərpa edilməsini alqışladığını bildirib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları təcili bərpa etməyə çağırıb.

Həmməruzəçi bildirib ki, səfəri zamanı o, Azərbaycan Prezidenti ilə çox konstruktiv görüş keçirib və bu görüşdə bir sıra hüquq müdafiəçilərinin və siyasi fəalların azadlığa buraxılmasını alqışladığını qeyd edib.

Bəyanatda qeyd olunur ki, aprelin 6-8-də Bakıya səfər zamanı həmməruzəçi həm də Milli Məclisin sədri, Konstitusiya Məhkəməsinin sədri, ombudsman, ədliyyə naziri, baş prokuror, MSK sədri, millət vəkilləri, müxalifət partiyalarının, vətəndaş cəmiyyətlərinin, Azərbaycan KİV nümayəndələri və başqaları ilə görüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi