Yuxarı

​AŞPA Dağlıq Qarabağ üzrə qətnamə qəbul edib

Biz tərəfləri qəti addımlar atmağa və siyasi iradə nümayiş etdirməyə çağırırıq

Bakı. 20 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi üzrə yazılı bəyanat qəbul olunub.

"Report" xəbər verir ki, bəyanat AŞPA-nın rəsmi saytına yerləşdirilib.

Bəyanata imza atan 44 AŞPA deputatı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığına əminliklərini bildiriblər və tərəfləri vasitəçilərin daimi çağırışlarına hörmət etməyə, onların mandatını dəstəkləməyə və davam etməkdə olan danışıqları çətinləşdirməməyə çağırıblar.

"Biz bütün tərəfləri həmsədr ölkələr - Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən başlayaraq prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapan təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq", — deyə bəyanatda bildirilir.

Sənəd müəllifləri beynəlxalq ictimaiyyətin münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatçılığını bölüşdüklərini qeyd ediblər.

"Ağır silahlardan, xüsusilə minaatan və raket buraxılış qurğularından istifadə edilməsi qəbuledilməzdir və özlüyündə mülki əhali üçün ciddi təhlükə kəsb edir. Biz insan itkisi, eləcə də mülki şəxslərin ölməsinə görə dərindən təəssüflənirik", - deyə bəyanatda vurğulanır.

AŞPA deputatları əmindirlər ki, "atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizmlərin yaradılması və ATƏT-in Minsk qrupu həmsədrlərinin bir sıra digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli mühitin yaranmasına kömək edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi