Yuxarı

Arsen Baqdasaryan: “Allaha and içirəm ki, məni heç kim heç nə deməyə məcbur etmir”

“Azərbaycan dövlətinə mənimlə səmimi rəftara görə minnətdaram”

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ədalət qarşısına çıxarılan erməni kəşfiyyatçı Arsen Baqdasaryan göstərilən xoş rəftara görə Azərbaycan dövlətinə və prezidentinə təşəkkür edib. 

“Report” “Kəpəz” TV-yə istinadən xəbər verir ki, ifadəsində ermənilərə səslənən diversant silahları yerə qoymağa, torpaqlardan geri çəkilməyə, əsir və girovları qaytarmağa çağırıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci baxış iclası hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilib. Tərcüməçilərlə təmin olunan erməni kəşfiyyatçı Arsen Baqdasaryanın məhkəməsində 4 nəfər zərərçəkən hərbçi və 2 nümayəndə iştirak edib. Məhkəmə zalında ifadə verən əsir ona qarşı irəli sürülən ittihamlara etiraz etməyib və Ermənistan hökumətinə müraciət edib.

“Azərbaycan dövlətinə mənimlə səmimi rəftara görə minnətdaram. Mən dövlətə xəyanətə görə ittiham olunsam da, bu cinayətə görə pis rəftar görməmişəm. Mən Ermənistan Respublikasına və Dağlıq Qarabağ əhalisinə müraciət etmək istəyirəm. Onlar başlarından, fikirlərindən düşmən sözünü çıxarsınlar. Nəyə görə siz dostluq münasibətində yaşamadınız?! Hansı ki, neçə illər dostluq münasibətində yaşayırdınız. Nəyə görə siz Azərbaycan xalqına öz torpaqlarını qaytarmaq istəmirsiniz? Mən valideynlərimə, qohumlarıma, dostlarıma, hərbçi yoldaşlarıma, bütün erməni əhalisinə müraciət etmək istəyirəm ki, siz yenə postda duran zaman bir əsgərin həlak olduğunu eşitməyi xoşlayırsınız. Siz elə bilirsiniz ki, onlar müharibə aparmaq, döyüşmək istəyirlər. Bu, iki zəhmətkeş xalqdır. Mən Bakıda həbsdə olarkən elə şəxslərlə görüşdüm ki, onların hələ də ermənilərlə necə dostluq münasibətində yaşadıqları yaddaşlarındadır. Mən bilirəm ki, sizin də içərinizdə dostluq münasibətində yaşayanlar olub, hətta toy da ediblər. Normal insanlar başqasından oğurluq etmirlər, torpağını almırlar. Nəyə görə siz hərbi əsirləri qaytarmaq istəmirsiniz, hansılar ki, Ermənistandandırlar. Nəyə görə siz ataları, qardaşları öz ailələrinə qaytarmaq istəmirsiniz. Siz elə bilirsiniz ki, postları boşaldanda azərbaycanlılar sizi incidəcəklər? Belə şey ola bilməz. Bunu mən - erməni soyadı daşıyan Baqdasaryan -deyirəm. Siz görəcəksiniz ki, mən özüm danışıram. Allaha and içirəm ki, məni heç kim heç nə deməyə məcbur etmir. Burada məni yaxşı yedizdirirlər, geyindirirlər. Buna görə minnətdaram. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də minnətdaram. Azərbaycan xalqına vurulan zərbələrə və 20 il keçməsinə baxmayaraq, erməni xalqına ədalətli münasibət göstərilir. Hər şeyə görə minnətdaram”, - erməni kəşfiyyatçı Arsen Baqdasaryan bildirib.

Barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilən Arsen Baqdasaryana dövlət ittihamçısı Anar Mirkişiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyat-təxribat qrupunun üzvünün birinci baxış prosesi başa çatıb. Məhkəmənin qərarı ilə aprelin 20-də növbəti məhkəmə iclası keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi