Yuxarı

​Argentina mətbuatında səfir Məmməd Əhmədzadənin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş jurnalistin məqaləsinə cavab yazısı dərc edilib

Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır

Bakı. 13 aprel. REPORT.AZ/ Argentinanın "Perfil" qəzetində səfir Məmməd Əhmədzadənin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş jurnalistin məqaləsinə cavab yazısı dərc olunub. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2015-ci ilin 8-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil edilib. Həmin iştirakçılar arasında Argentinanın "Perfil" qəzetinin jurnalisti Santiago Farrell də olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin həmin qəzetdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi dərc olunub.

Bununla əlaqədar olaraq Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə "Perfil" qəzetinə məktub ünvanlayıb və həmin məktub qəzetin 12 aprel tarixli həm çap, həm də elektron (http://www.perfil.com/internacional/Una-respuesta-20150412-0051.html) buraxılışında dərc edilib.

Məmməd Əhmədzadənin "Perfil" qəzetində dərc olunmuş yazısında deyilir:

"5 aprel tarixində Perfil qəzetində dərc edilmiş və müəllifi Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxs olan "Dağlıq Qarabağ, Sovetlər İttifaqının verdiyi ilk çat" adlı məqalə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təhrif edir və münaqişənin mahiyyəti ilə bağlı dezinformasiya təqdim edir. İlk öncə bildirmək istərdim ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər etmək Azərbaycan Respublikasının Konstitusiyasının, müvafiq qanunlarının və beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan hökumətinin razılığı olmadan bu ərazilərə səfər etmiş şəxslər arzuolunmaz şəxs elan olunur və onların adları bu kimi səfərlərin qarşısını almaq üçün hökumətin müvafiq siyahısına daxil edilirlər. Bu hərəkətlərinin səhv olduğunu Azərbaycan hökuməti qarşısında etiraf edən şəxslər öz adlarının həmin siyahıdan çıxarılmasını xahiş edə bilərlər. Azərbaycan tərəfi hər zaman bu kimi müraciətlərə baxmağa hazırdır.

Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Çar Rusiyasından öncə Dağlıq Qarabağ müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsində olmuşdur ki, bunlardan da sonuncusu Qarabağ xanlığı idi. Ermənilər Dağlıq Qarabağa XIX əsrin əvvəllərində Rusiya-Osmanlı və Rusiya-İran müharibələrinin nəticəsində yerləşdirilmişlər. Bu müharibələrdən sonuncusu Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən işğalı ilə nəticələnmişdir. Bu ərazidəki xristian kilsələrinin ermənilərə aidiyyəti yoxdur, Qafqaz Albaniyasına aid bu kilsələr 1836-cı ildə rus çarı İ Nikolay tərəfindən erməni kilsəsinə tabe etdirilmişlər. Çar Rusiyasının süqutundan sonra 1918-ci ildə Azərbaycan Demokratik Respublikası (ADR) öz müstəqilliyini elan edir və Dağlıq Qarabağın ADR-in tərkibində olmasını vaxtikən həmin ərazidə məskunlaşmış ermənilər də qəbul edirlər. Sovet dönəmində 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının (SSR) tərkib hissəsi kimi əhalisi qarışıq azərbaycanlı və ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılır.

SSRİ-i vaxtı 1988-ci ildə Ermənistan SSR Azərbaycan SSR-yə qarşı, xüsusilə də DQMV ilə bağlı ərazi iddiaları irəli sürür, eyni zamanda Ermənistanda yaşayan 250 min azərbaycanlını öz tarixi torpaqlarından qovur. SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirir, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edir. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalmış 750 min azərbaycanlı məcburi köçkünlərə çevrilirlər. Ermənistan beynəlxalq humanitar hüququ kobudcasına pozaraq azərbaycanlı dinc əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soqyırımını törədir. Bu gün nə Ermənistan, nə də işğal olunmuş ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır və orada Azərbaycanın bütün tarixi-mədəni irsi məhv edilib.

BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı və digər çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyır və Azərbaycan ərazisindən Ermənistanın hərbi qüvvələrinin çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasını tələb edirlər. Beynəlxalq təşkilatların çağırışlarına əməl etmək əvəzinə, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən hərbiləşdirilmiş ölkə olan Ermənistan getdikcə kəskin şəkildə azalan əhalisinin yoxsullaşması hesabına işğal olunmuş əraziləri güclü daha da hərbiləşdirməkdə davam edir. Əslində, bu ölkənin məqsədi qonşu ölkələrin ərazisi hesabına "Böyük Ermənistan" xülyasını həyata keçirməkdir və Azərbaycan ərazilərinin də işğalı bu planın tərkib hissəsidir.

Öz təzavüz siyasətini ört-basdır etmək üçün Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Perfil qəzetinin səhvən "respublika" kimi təqdim etdiyi qeyri-qanuni separatçı rejim yaratmışdır. Bu separatçı rejim Ermənistanın oyuncağından başqa bir şey deyildir və dünyanın heç bir ölkəsi tərəfindən, heç Ermənistanın özü tərəfindən belə tanınmayıb.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır və 20 ildən də artıq müddətdir ki, Ermənistanın destruktiv hərəkətləri nəticəsində hələ də heç bir nəticə verməyən ATƏT-in Minsk Qrupu çərçivəsində gedən danışıqlar prosesində iştirak edir. Danışıqlarda Azərbaycanın məqsədi münaqişəni həll etmək, regiona sülh və inkişaf gətirməkdir. Lakin Ermənistanın danışıqlarda iştirakında məqsəd isə öz işğalını davam etdirmək, status-kvo kimi təhlükəli vəziyyəti saxlamaq və regiona faciələr gətirmək üçün vaxt qazanmaqdır. Bu ölkə başa düşmək istəmir ki, XXİ əsrdə beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsini qəbul etmir.

Münaqişənin nizamlanmasına maneə Ermənistanın hərbi qüvvələrinin Azərbaycan ərazisində qalmasıdır. Həmin qoşunların işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi küçkünlərin öz torpaqlarına qaytarılması bu münaqişənin nizamlanmasının açar elementləridir. Azərbaycan Ermənistanın təcavüzünə son qoymaq və öz ərazi bütövlüyünü bərpa etmək üçün öz yoluna davam edəcək və səylərini əsirgəməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi