Aprel döyüşlərinin iştirakçısı: “Düşmən bütün silah-sursatını qoyub qaçmışdı”

Aprel döyüşlərinin iştirakçısı: “Düşmən bütün silah-sursatını qoyub qaçmışdı” Polkovnik-leytenant Eldəniz Sadıqov: “Əgər döyüş dayandırılmasaydı düşmən hücumlarımıza tab gətirə bilməyəcəkdi”
Qarabağ
31 Mart , 2017 13:31
Aprel döyüşlərinin iştirakçısı: “Düşmən bütün silah-sursatını qoyub qaçmışdı”
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ordusunun aprel qələbəsinin ildönümünə həsr olunan tədbir keçirilib.

“Report” xəbər verir ki, aprel döyüşlərində iştirak edən hərbçilər döyüş xatirələrini bölüşüblər.

Döyüşlərdə minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov bildirib ki, neçə illər düşmənlə üzbəüz postlarda xidmət edib: “Bu illər ərzində aprel ayında baş verənləri gözləyirdik. Düşmən hesab edirdi ki, ordumuz gücsüzdür. Düşmən elə bilirdi ki, tikanlı məftillər keçilməzdir. Onlar Goranboy istiqamətində tanklar vasitəsilə hücuma keçmişdilər. Lakin məlumat əldə edəndə düşmənin kəşfiyyat diversiya qruplarının qarşısını alaraq onlara layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını qoyub qaçmışdı. Eləcə də geri çəkilib qaçmaq istəyən 15 əsgərini güllələyərək öldürmüşdü. Azərbaycan ordusu işğal altındakı torpaqları azad edəcək. İndi də onlar qorxu içərisində yaşayırlar”.

“Döyüşdə gördüm ki, əsgərlərin, zabitlərin döyüş ruhu çox yüksəkdir. Əsgərimiz həqiqətən döyüşməyi bacarır. Düşmən tərəfindən bir də belə hal təkrar olunarsa, düşmən tərəfi hücumumuza tab gətirə bilməyəcək. Çünki onların heç bir qüvvəsi qalmayıb. Əgər döyüş dayandırılmasaydı, düşmən hücumlarımıza tab gətirə bilməyəcəkdi. Düşmənin bizimlə bağlı düşüncülərini alt-üst etdik və bizim gücümüzü, qüdrətimizi gördülər”- deyə o, əlavə edib.

E.Sadıqov qeyd edib ki, Tapqaraqoyunlu kəndi daim düşmənin hücumlarına məruz qalıb: “Həmin yüksəklikdən düşmən ərazilərimizi nəzarətdə saxlaya bilirdi. Eyni zamanda, mülki əhaliyə rahatlıq verilmirdi. Talış, Madagiz əraziləri hazırda bizim nəzarətimizdədir. Tapqaraqoyunlu istiqamətində düşmənin təxribat törətdiyi və ələ keçirə bilmədiyi posta mənim, yəni Eldəniz adı verilib. Düşmən tərəfi oranı ələ keçirmək istədi və itki verərək geri qayıtdı”.

Ağdamın Sancalı istiqamətində mərmi zərbəsindən yaralanan polkovnik-leytenant Xəqani Cəfərov deyib ki, Ağdamın Sancalı istiqamətində döyüşlərdə düşmən Azərbaycan ordusunun hücumlarına cavab verə bilməyəndə kəndləri atəşə tutub: “Döyüş ruhu bizdə daha artıq idi. Ermənilər işğal etdikləri torpaqlar uğrunda bizim qədər döyüşə bilməzdilər. Yanlarına düşən hər bir mərmi onları qorxuya salırdı. Ermənilərin yanına mərmi düşən kimi geri çəkilirdilər. Çünki bu, onların öz torpağı deyil. Tökülən hər bir qan yaddaşlara yazılmalıdır. Hər bir zabit, gizir qanından keçərək torpaqlarını azad etməyə hər an hazırdır. Aprel döyüşlərində sübut etdik ki, ən müasir silah və texnikamız var. Lakin onların hamısından istifadə etmədik. Yalnız sərhəd hissəsi üçün nəzərdə tutulan silahlardan istifadə etdik”.

Lələtəpə istiqamətində döyüşlərdə iştirak edən leytenant Səbuhi Mehdizadə deyib ki, aprel döyüşləri təkcə Azərbaycan ordusunun gücünü deyil, eyni zamanda xalqımızın həmrəy olduğunu düşmənə və bütün dünyaya göstərdi: "Əsas istəyimiz işğal altında olan ərazimizi azad etmək idi. Lələtəpəyə gedəndə içimizdə qorxu yox, yalnız sevinc hissi vardı. Lələtəpə çox strateji mövqedə yerləşən bir ərazidir. Ona görə oranın azad edilməsi çox böyük nailiyyətdir. Döyüş zamanı başımdan snayper yarası aldım. Amma döyüşü tərk etmədim. Düşmən qüvvəsini məhv etdikdək sonra ayağımdan avtomat güllə yarası aldım. Bundan sonra hərəkət qabiliyyətim itdi. Döyüşçü yoldaşlarım məni xilas etdilər. Yaralı olduqdan sonrakı müddətdə hər kəs bizimlə maraqlanırdı, mənəvi dəstək göstərirdilər. Qazi olsaq da, daxilimizdəki Vətən sevgisi xidmətimizi davam etdirməyə zəmin yaratdı”.

Son xəbərlər

Orphus sistemi