ANAMA: Tərtərdə bir ədəd 152 mm-lik partlamamış top mərmisi zərərsizləşdirilib

ANAMA: Tərtərdə bir ədəd 152 mm-lik partlamamış top mərmisi zərərsizləşdirilib Sursatın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib
Qarabağ
21 İyul , 2016 19:42
ANAMA: Tərtərdə bir ədəd 152 mm-lik partlamamış top mərmisi zərərsizləşdirilib

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursat (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyulun 21-də  saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 17:26-da “102” Xidməti-Zəng mərkəzi sisteminə Tərtər rayonu Şıxarx kəndində əkin sahəsində partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 (bir) ədəd 152 mm-lik partlamamış top mərmisi (OF-530 partlayış qəlpəli) götürülərək zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Beləliklə, iyulun 21-də 3 ev və həyatyanı sahə, 2 əkin sahəsi, 6 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 800 kv. m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən bu il aprelin 7-dən iyulun 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 628 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 594 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi