Yuxarı

ANAMA tərəfindən əkin sahəsində 1 ədəd piyada əleyhinə mina aşkarlanıb

İyulun 12-də üç əkin sahəsində 8 partlayış yerinə baxış keçrilib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Mahrızlı kəndi üzrə 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticədə 3 000 kv.m ərazi yoxlanılıb.

Əfətli kəndi üzrə əkin sahəsində 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, 3 000 kv.m ərazi yoxlanılıb.

Çaylı kəndi üzrə əkin sahəsində 5 partlayış yerinə baxış keçrilib, partlamamış hərbi sursat tapılmayıb, 8 500 kv.m ərazi yoxlanılıb.

Beləliklə, iyulun 12-də üç əkin sahəsində 8 partlayış yerinə baxış keçrilib, 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar edilərək zərərsizləşdirilib, gün ərzində ümumilikdə 14 500 kv.m ərazi təmizlənib.

ANAMA tərəfindən bu il aprelin 7-dən iyulun 12-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 580 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi