Analitik: "Dünya siyasətinin əsas oyunçuları Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində maraqlı deyil"

Analitik: "Dünya siyasətinin əsas oyunçuları Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində maraqlı deyil" Mixail Neyjmakov: "Ukrayna ilə münaqişəyə cəlb olunan Rusiya Cənubi Qafqazda "ikinci cəbhə"nin açılmasını istəmir"
Qarabağ
29 Dekabr , 2014 15:06
Analitik: Dünya siyasətinin əsas oyunçuları Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində maraqlı deyil

Bakı. 29 dekabr. REPORT.AZ/ Ermənistan rəhbərliyi ölkə daxilində siyasi narazılıqlar üçün əlavə səbəb yaratmaqdan çəkinərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana güzəştə getməyəcək. Bu barədə "Report"a Qlobalizasiya və Sosial Hərəkətlər İnstitutu Beynəlxalq Siyasətin Analizi Mərkəzinin rəhbəri, siyasi analitik Mixail Neyjmakov Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi kontekstində gedən ili şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə Qarabağ münaqişəsi zonasında gərginlik xeyli artıb: "Ən azı iki dəfə - avqust və noyabr aylarında bir çox müşahidəçilər regionda böyük miqyaslı müharibənin yenidən başlamasını istisna etmirdilər. Lakin silahlı qarşıdurmalar uzunmüddətli münaqişələrə keçməyib".

M.Neyjmakov hesab edir ki, 2014-cü ildə tərəfləri geniş müstəvidəki qarşıdurmadan çəkindirən amillərin təsiri növbəti ildə də qalacaq və hətta güclənəcək: ""Cənub Qaz Dəhlizi"nin inkişafı ilə bağlı yeni layihə perspektivləri Azərbaycan üçün müharibənin başlanmasını arzuedilməz edir. Eyni zamanda Ermənistan rəhbərliyi Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması, eləcə də öz əsas tərəfdaşı olan Rusiyanın xarici siyasi və iqtisadi çətinliyi şəraitində, çox ehtimal ki, münaqişənin gərginləşməsindən çəkinəcək. Bundan əlavə, dünya siyasətinin əsas oyunçuları Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində maraqlı deyil. Eyni zamanda Ukrayna ilə münaqişəyə cəlb olunan Rusiya Cənubi Qafqazda "ikinci cəbhə"nin açılmasını istəmir".

Analitik Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik mövzusuna da toxunaraq, ATƏT MQ həmsədrlərinin 2014-cü ilin ikinci yarısında regionda gərginliyin genişlənməsi ilə əlaqədar səylərinin artmasını qeyd edib: "Bu kontekstdə ən effektiv Rusiyanın vasitəçilik səyləridir və nümunə olaraq Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksyanın RF prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşünü göstərmək olar". 

M.Neyjmakov qeyd edib ki, Rusiyanın regionda münaqişələrin gərginləşməsinə yol verməməsi üçün əlavə stimulu yaranıb: "Bu gün Moskva Ankara ilə enerji sahəsi də daxil olmaqla əməkdaşlığa böyük ümidlər bəsləyir. Qara dəniz dövləti olan Türkiyə Ukrayna böhranına da təsir edə bilər. Ermənistan-Azərbaycan münaqişəsinin qızışacağə təqdirdə, Moskva və Ankara da cəbhənin müxtəlif tərəflərində yer almaqla bu münaqişəyə cəlb olunacaq. Bu da Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq. Ona görə də çox ehtimal ki, 2015-ci ildə Minsk qrupu həmsədrləri arasında məhz Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ən çox səy göstərən tərəf olacaq". 

Mərkəz rəhbəri vurğulayıb ki, gələn il Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ciddi irəliləyiş gözləməyə dəyməz: "Müxalifətin fəallığının artdığı şəraitdə Ermənistan rəhbərliyi daxili siyasi narazılıqlar üçün əlavə səbəb yaratmaqdan çəkinərək, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana güzəştə getməyəcək". 

Son xəbərlər

Orphus sistemi