Yuxarı

Amerikalı həmsədr: "Avropa Məhkəməsinin qərarı tərəflərin səylərinə təsir etməyəcək"

Ceyms Uorlik: Həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə tərəflərlə işləmək tapşırılıb

Bakı. 18 iyun. REPORT.AZ/ "Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflərin səylərinə təsir göstərməyəcək".

"Report" "Novosti Armeni"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirib.

Diplomat qeyd edib ki, həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə tərəflərlə işləmək tapşırılıb: "Avropa İnsan Haqları Məhkəməsinin qərarı nə bu mövqeyə, nə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflərin səylərinə təsir göstərməyəcək".

Qeyd edək ki, iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını acıqlayıb. Məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

"Çıraqov və başqaları Ermənistana qarşı" adlı iş 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər. Şikayət 2005-ci ilin aprelində verilib və məhkəmə onu icraata qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi