Yuxarı
    Bağlamaq

    Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının Londonda təqdimatı olub

    Kitabda Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb

    Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin Londonda təqdimatı olub. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə yerli və xarici elm adamları, ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandır Yakovenko iştirak ediblər.

    Britaniyada fəaliyyət göstərən Beynəlxalq Hüquq Təşkilatının həmsədri Kamran Balayev kitabın elmi və siyasi əhəmiyyətindən danışıb.

    Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə kitab haqqında geniş məlumat verib. Bildirilib ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb.

    Nəşrin böyük elmi dəyərə malik olduğunu diqqətə çatdıran səfir, kitabın Qafqaz bölgəsində baş verən hadisələr, ölkələrin bir-biriləri ilə münasibətləri və doğma torpaqlarımıza qarşı təcavüz haqqında maraqlı faktları əhatə etdiyini bildirib. Kitabın həmçinin tədris proqramlarına daxil edilməsinin əhəmiyyətindən danışan diplomat qeyd edib ki, uzun illərdir davam edən ədalətsizlik var və münaqişənin tezliklə həllini tapması bölgə üçün vacibdir. Danışıqlar prosesi, problemin həlli yolları və bunların gələcək nəsillərə çatdırılması üçün münaqişə barədə təbliğat işi davam etdirilməlidir.

    Kitabın müəllifi akademik Ramiz Mehdiyev haqqında məlumat verən T.Tağızadə onun həm tanınmış dövlət, həm də elm adamı olduğunu diqqətə çatdıraraq nəşrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparıldığını vurğulayıb. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Kitabda Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi