Bakı. 13 may. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə başlayacağı dünya turu səfəri zamanı müzakirə edəcəyi məsələlərdən biri də Dağlıq Qarabağdakı vəziyyət olacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, Con Kerri mayın 16-17-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
"O, orada Rusiya və Fransadan olan həmkarları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək", - deyə Con Kirbi vurğulayıb.