Yuxarı

​ABŞ iyunda Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə ümid edir

Səfir: Prezidentlərin növbəti görüşü müsbət nəticələr verəcək

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayına planlaşdırılan növbəti görüşündən müsbət nəticələr və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini gözləyir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.

"Prezidentlərin iyun ayına təyin olunan görüşü nikbinlik doğurur", - deyə səfir qeyd edib.

Millz həm həmsədrlərin, həm də ABŞ hökumətinin adından ümid etdiyini bildirib ki, "bu görüş müsbət nəticələr verəcək və Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracaq".

O, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Vyanada baş tutan görüşü "müsbət olub".

ABŞ səfiri hər iki tərəfin 1994-95-ci illərin atəşkəs sazişləri üzrə öhdəliklərə bağlı olduqlarını təsdiq etmələrini müsbət nəticə adlandırıb.

O, həmçinin tərəflərin təmas xəttində baş verən insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılması üzərində işləməyə hazır olmalarını "iradə nümayişi" kimi xarakterizə edib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu tapşırıqların üzərində müntəzəm olaraq işləməyə hazırdırlar", — deyə səfir diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi