Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsini gözləyir.
"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində deyib.
"Bu sammitlər sayəsində (Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü və ondan əvvəl Vyanadakı ikitərəfli yüksək səviyyəli görüş - REPORT) nizamlanma üçün çoxsaylı şərtlər ortaya çıxdı. Misal üçün Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi. Biz, əlbəttə ki, bu razılaşmaların inkişafını gömək istərdik", - deyə C.Uorlik bildirib.
O qeyd edib ki, bu, Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması prosesində növbəti addımların atılması üçün ABŞ-ın Vyana sammitindən sonra həyata keçməsini gözlədiyi razılaşmalardan biridir.
"Vyanada ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə sammit keçirildi. Bu yaxınlarda Vladimir Putin Sankt-Peterburqda iki prezidenti qəbul etdi. Nəticədə, biz Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların, həmçinin sülh prosesində növbəti addımların atılmasına dair razılaşmanın həyata keçməsini görmək istərdik", - deyə o qeyd edib.