Yuxarı

Abdullah Gül: "Ermənistanın aqressiv hərəkətləri regionun təhlükəsizliyi üçün ciddi risklər yaradır"

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Bakı. 8 aprel. REPORT.AZ/ Ermənistanın aqressiv hərəkətləri insan ölümlərinin sayının artması baxımından və regionun təhlükəsizliyi üçün ciddi risklər yaradır. "Report" xəbər verir ki, Türkiyənin keçmiş prezidenti Abdullah Gül "Hürriyyet Dailey" nəşrindəki məqaləsində belə yazıb.

"Azərbaycanın Dağlıq Qarabağ regionunun davam edən işğalı Qafqazda sülh və firavanlığa ziyan vurur. Son günlərdə Ermənistanın təcavüzkar hərəkətlərinin səbəb olduğu hadisələr Dağlıq Qarabağ münaqişəsində həlak olanların sayının artmasıyla nəticələnib. Bu həm də təhlükəsizlik üçün böyük risklər yaradır" - A.Gül yazıb.

Sabiq prezident qardaş Azərbaycan xalqı və şəhidlərin yaxınlarına başsağlığı verib, yaralılara ən qısa zamanda tam sağalmalarını arzulayıb.

Onun fikrincə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi tamamilə yolverilməzdir.

"Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir", - müəllif qeyd edib.

A.Gül tərəflərin atəşkəslə bağlı razılığını alqışlayaraq, bunu müsbət addım kimi qiymətləndirib: "Ancaq yuxarıda qeyd etdiyim işğal başa çatmayınca və Ermənistan təcavüzkar hərəkətlərindən əl çəkməyincə bu cür qarşıdurma riskləri qalacaq. Bu qanunsuz işğal bitməyincə Türkiyə qardaş ölkə kimi Azərbaycana dəstək verməyə davam edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi