Yuxarı

Xocalı faciəsinin qurbanları bölgələrdə anıldı

​Xocalı faciəsinin qurbanları bölgələrdə anıldı

79

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ağsuda, Kürdəmirdə, Mingəçevirdə, Yevlaxda anım tədbirləri keçirilib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsuda keçirilən anım tədbiri qəhrəmanlıq abidəsi kompleksi önündə başlayıb və rayon mədəniyyət mərkəzində davam etdirilib.

Tədbir iştirakçıları ilk öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Xocalı soyqırımını əks etdirən videoçarx, mədəniyyət mərkəzinin və şagirdlərin ifasında faciəyə aid kompozisiya nümayiş etdirilib. Ağsu rayon İcra Hakimiyyətinin başcısı Vahid Tağıyev çıxış edərək tarix boyu erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən danışıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsi Kürdəmirdə də yad edilib. Rayonun Heydər Əliyev Mərkəzində soyqırımının 28-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib. Tədbirdən əvvəl Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov mərkəzin sərgi salonunda təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlər, əl işləri və kitablardan ibarət sərgi ilə tanış olub.

Tədbir iştirakçıları Kürdəmir şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Xocalı harayı” kompozisiyasına tamaşa ediblər.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Mingəçevirdəki Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının məzarları ictimaiyyət nümayəndələri, rayonun müvafiq orqanlarının işçiləri tərəfindən ziyarət edilib. Mingəçevir Dövlət Dram Teatrının foyesində şəhərin ümumtəhsil məktəblərinin Xocalıya həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Daha sonra “Xocalı filmi” nümayiş etdirilib.

Yevlaxda Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbirləri gənclərin yürüşü ilə başlayıb. Mərasim Şəhidlər Xiyabanında davam etdirilib. Yevlax şəhər İcra Hakimyyətinin başçısı Anar Tağıyev, rayon ictimaiyyətinin nümayəndələri Xocalı abidəsini və şəhidlərimizin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Xocalı rayonundan olan və yaxınlarını itirmiş məcburi köçkün ailələri ilə görüş keçirilib. Daha sonra Bəşir Səfəroğlu adına Xalq Teatrında əl işlərindən ibarət rəsmlərə baxış olub. Ədəbi kompozisiya nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi