XİN başçısının müavini: “Münaqişənin həlli istiqamətində yeni mərhələyə qədəm qoymuşuq”

XİN başçısının müavini: “Münaqişənin həlli istiqamətində yeni mərhələyə qədəm qoymuşuq” “Ermənistan danışıqların sürətləndiyi dövrlərdə sərhəd və təmas xəttində təxribatlara əl atıb”
Qarabağ
13 May , 2016 12:40
XİN başçısının müavini: “Münaqişənin həlli istiqamətində yeni mərhələyə qədəm qoymuşuq”

Bakı. 13 may. REPORT.AZ/ “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin yeni mərhələsinə qədəm qoymuşuq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, bu təcavüzün hərbi, siyasi, humanitar təhlükəsi var: “Bu münaqişəsinin kökündə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları durur. Məsələnin siyasi kökü budur. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Ermənistan açıq-aşkar Azərbayana qarşı ərazi iddiaları irəli sürür. Bu, onların dövlət siyasətidir. Təəssüflər olsun ki, bu münaqişə “Dağlıq Qarabağ” münaqişəsi adlandırılır. Əslində, bu, Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Bütün dövrlərdə münaqişənin həlli prosesində ədalətsiz mövqe ilə rastlaşmışıq. 24 ildir, danışıqlar aparılır, amma münaqişənin sülh yolu ilə həlli istiqamətində addım atılmayıb. Ermənistan istədiyi halda danışıqları pozmaq üçün təxribata əl atıb. Onlar danışıqların sürətləndiyi dövrlərdə sərhəd və təmas xəttində təxribatlara əl atıb. Bununla onlar öz maraqlarını həyata keçirmək istəyirlər”.

X.Xələfov xatırladıb ki, bu ilin aprelin əvvəlində təmas xəttində hərbi əməliyyatlar baş verib: “Bunu Ermənistan tərəfi edib. Azərbaycan onsuz humanitar problem yaşayır, 1 milyona yaxın qaçqın və məcburi köçkünü var. Biz bu problemlərin həllinə çalışırıq. Düzdür, bu məsələni tam həll edə bilməmişik, çünki bunun həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mümkün olacaq. Ermənistanın əsas məqsədi o idi ki, Azərbaycanda yeni köçkün dalğası yaransın, ölkədə sabitlik pozulsun. Bu, nəinki region üçün, həm də beynəlxalq sülh üçün təhlükələr yaradır. Düşünürəm ki, dünya birliyi bunu dərk edir. Ona görə də atəşkəsə nail olundu. Atəşkəs elan olunmasına baxmayaraq, ermənilər əldən verdikləri mövqeləri yenidən ələ keçirmək istəyirlər. Azərbaycan ordusu güclüdür, torpaqlarını qoruyur. Bu atəşkəs sülh yaratmaq üçün deyil. Biz bu məsələdə bütün imkanlarımızdan istifadə edəcəyik”.

Nazir müavininin sözlərinə görə, BMT qətnamələri də Azərbaycana qarşı ədalətsiz konteksdə qəbul olunub: “Bu qətnamələr təcavüz aktına uyğun qəbul olunmayıb. Ona görə də indiyədək həyata keçirilməyib. Buna baxmayaraq, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. İndiki vəziyyət beynəlxalq sülhə təhlükədir. Əlbəttə, işğal dövründə Ermənistan Azərbaycana qarşı təcavüzlər törədib. Xocalı faktını ayrıca qeyd edirəm. Bu cür cinayətlər törətmiş dövlət cavab verməlidir. Təəssüflər olsun ki, bu, mümkün olmur. Təbii ki, bu, ikili standartların nəticəsidir”.

Son xəbərlər

Orphus sistemi