Azərbaycanın XİN başçısı: "Ermənistan münaqişənin həllini istəyirsə, bu istiqamətdə praktik addımlar atmalıdır"

Azərbaycanın XİN başçısı: "Ermənistan münaqişənin həllini istəyirsə, bu istiqamətdə praktik addımlar atmalıdır" Azərbaycan münaqişənin ən qısa zamanda həllində maraqlı olan ölkədir və biz hələ də münaqişənin məhz danışıqlar yolu ilə həllinə ümidvarlıqla davam edirik.
Qarabağ
27 May , 2019 10:47
Azərbaycanın XİN başçısı: Ermənistan münaqişənin həllini istəyirsə, bu istiqamətdə praktik addımlar atmalıdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim

"Azərbaycan münaqişənin ən qısa zamanda həllində maraqlı olan ölkədir və biz hələ də münaqişənin məhz danışıqlar yolu ilə həllinə ümidvarlıqla davam edirik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

"Düşünürəm ki, Ermənistan tərəfi də bunda maraqlı olmalıdır. Axı, münaqişənin uzanması Ermənistan xalqına çoxsaylı insan əzabı gətirib. Bütün bu illər ərzində Azərbaycan torpaqlarının ələ keçirilməsi və onların hələ də davam edən işğalı Ermənistan üçün heç bir ciddi dividend qazandırmayıb. Əvəzində yoxsulluğun artmasına, işsizliyə, əhalinin ölkədən xaricə getməsinə və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər, dövlət lideri isə gələcək nəsillər barədə düşünür", - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi münaqişənin həll olmasını istəyirsə, birmənalı şəkildə və artıq maneələr çıxarmadan siyasi iradə və bu istiqamətdə praktik addımlar nümayiş etdirməlidir. 

"Biz isə öz tərəfimizdən belə yanaşmanı tam dəstəkləyəcəyik. Amma bunu sadəcə, bəyan etmək yox, həm də həyata keçirmək lazımdır", - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi