​XİN: “Almaniyanın “Deutsche Welle” yayım şirkəti ifadə və mətbuat azadlığı prinsiplərini kobud şəkildə pozub”

​XİN: “Almaniyanın “Deutsche Welle” yayım şirkəti ifadə və mətbuat azadlığı prinsiplərini kobud şəkildə pozub” “Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır”
Qarabağ
3 Avqust , 2015 13:04
​XİN: “Almaniyanın “Deutsche Welle” yayım şirkəti ifadə və mətbuat azadlığı prinsiplərini kobud şəkildə pozub”

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Deutsche Welle” (DW) tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən veriliş hazırlamasına münasibət bildirib. “Report”un xəbərinə görə, H.Hacıyev deyib ki, Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə getmiş “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı veriliş qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıyır. Onun sözlərinə görə, “DW”in öz çəkiliş qrupunu qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır: “Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin, verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır.

“DW” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş vasitəsilə “DW” dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir.

Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə, “DW” eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir”.

H.Hacıyev bildirib ki, bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir: “Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “DW”nin eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək. Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT Minsk Qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”.   

Son xəbərlər

Orphus sistemi