WSJ: “Human Rights Watch” ermənilərin Qarabağda məskunlaşmasını dəstəkləyərək ikili standartlar siyasəti yürüdür

WSJ: “Human Rights Watch” ermənilərin Qarabağda məskunlaşmasını dəstəkləyərək ikili standartlar siyasəti yürüdür “Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatı işğal olunmuş ərazilərdə məskunlaşma məsələsində ikili standartlar tətbiq edir.
Qarabağ
15 Yanvar , 2020 17:13
WSJ: “Human Rights Watch” ermənilərin Qarabağda məskunlaşmasını dəstəkləyərək ikili standartlar siyasəti yürüdür

“Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatı işğal olunmuş ərazilərdə məskunlaşma məsələsində ikili standartlar tətbiq edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Hüquq fakültəsinin professoru Yucin Kontoroviç “Wall Street Journal” nəşrində dərc olunan “Məskunlar”a qarşı seçici yanaşma” sərlövhəli məqaləsində yazıb.

Müəllifin fikrincə, “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Liya Uotson bir tərəfdən İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmaları genişləndirməkdə ittiham etməklə, digər tərəfdən Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmasını dəstəkləməklə ikili standartlar siyasəti yürüdür.

“Sara Liya Uotsonun dəstəklədiyi məskunlaşma 1994-cü ilə qədər Azərbaycanın hüdudları daxilində olan, Ermənistan tərəfindən işğal olunan ərazidəki Dağlıq Qarabağda yerləşir. O zamandan bəri Ermənistan hökuməti sakinlərin bu bölgəyə köçürülməsini fəal şəkildə təşviq edib. Ermənilərin əksəriyyəti Qarabağı tarixi vətənləri hesab edirlər, lakin Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq məhkəmələr və ABŞ bu ərazini Azərbaycan torpağı hesab edir", - deyə Y.Kontoroviç məqaləsində yazıb.

Müəllif Sara Liya Uotsonun erməni ailəsindən gəldiyini və Qarabağı Ermənistanın ayrılmaz hissəsi hesab edən, qanunsuz məskunlaşmanı dəstəkləyən Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America) üçün 2018-ci ildə maliyyə vəsaitlərinin toplanması üzrə tədbirlərin təşkilatçısı olduğunu xatırladıb.

Məqalədə qeyd olunub ki, Sara Liya Uotson gənc ailələrin Dağlıq Qarabağda kök atması üçün yeni erməni yaşayış məntəqələrinin inşasını dəstəkləyən Ermənistan Ümumxeyirxah Birliyinin (Armenian General Benevolent Union) işini xüsusi qeyd edib.

Y.Kontoroviç qeyd edir ki, bu cür fikirlər təkcə Uotsonda yox, həmçinin “CodePink” İsrailə qarşı boykot kampaniyasının lideri Nensi Krikoryanda, Miçiqandan olan ABŞ Nümayəndələr Palatasının üzvü Rəşid Tlaibdə də var: “Onlar İsraili boykot etməyə çağırır, amma erməni yaşayış məntəqələri ilə münasibətləri normallaşdırmaq üçün qanun layihəsinə sponsorluq edərlər”.

Son xəbərlər

Orphus sistemi