Tbilisidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO

Tbilisidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Qarabağ
25 Fevral , 2020 16:19
Tbilisidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO
Report

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərasimi muzey, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Azərkitab” Kitab Təbliğatı Mərkəzi birgə təşkil edib.

Anım tədbiri Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra pianoçu Rasim Pirməmmədov və kamançaçı Şəbnəm Hüseynilinin müşayiəti ilə faciəyə həsr olunan ədəbi-musiqili kompozisiya nümayiş etdirilib. GAİM tələbələri "Mən Xocalıyam" sözləri ilə faciə ilə bağlı faktları Azərbaycan və gürcü dillərində səsləndiriblər.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla  Əliyeva çıxışında bildirib ki, Xocalı qətliamı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilib. O qeyd edib ki, Xocalı qurbanlarını yad etmək dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının mənəvi borcudur.

Sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qanlı faciəyə aparan yoldan danışıb: "Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən ağır faciədir. Bu faciə dəhşətinə görə Holokost cinayəti ilə eyni tutula bilər".

Səfir gələcəkdə Gürcüstan parlamentində də Xocalı faciəsinin soyqırımı kimi tanınacağına ümidvar olduğunu qeyd edib.

Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində əldə olunan nailiyyətlərdən də danışıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Cəmilağa Ağayev çıxışında Xocalı faciəsini insanlığa qarşı aşkar törədilən cinayət adlandırıb. Onun sözlərinə görə, Xocalı hadisələrində Ermənistan silahlı birləşmələrinin qeyri-insani əməlləri barədə təkzibolunmaz faktlar mövcudur.

Komissiya nümayəndəsi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ağır humanitar problemlərə də gətirib çıxarıb.

Mərasim digər natiqlərin çıxışları ilə davam etdirilib.

Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımına həsr olunan “Bitməyən əzab” filmi də nümayiş etdirilib.

Mərasimdə azərbaycanlı və gürcü gənclər, ziyalılar, Gürcüstan parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov, Mahir Dərziyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları və diplomtik korpusun nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Xocalı mövzusunda fotoşəkillər və kitablar da sərgilənib.

Son xəbərlər

Orphus sistemi