Şəhid əsgər Eşqin Allahverdiyev dəfn olunub

Şəhid əsgər Eşqin Allahverdiyev dəfn olunub Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb
Qarabağ
1 Fevral , 2015 18:38
Şəhid əsgər Eşqin Allahverdiyev dəfn olunub

Bakı. 1 fevral. REPORT.AZ/ Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə uğurlanıb.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

Vida mərasimində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun baş sağlığını şəhidin ailəsinə çatdıraraq qeyd edib ki, bu gün Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində ayıq-sayıqdır və düşmən təxribat qruplarının qarşısı mərdliklə alınır, düşmən atəşləri vaxtında və layiqincə susdurulur. Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir və onlar bayrağımızı tezliklə Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarda qaldırmağa hazır və qadirdirlər.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prezident kimi fəaliyyətində ordu quruculuğu məsələlərinin əsas prioritet olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını, ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına, əlillərinə daim diqqət və qayğı göstərildiyini, şəhid Allahverdiyevin ailəsinin də diqqətdə saxlanılacağını vurğulayıb.

Şəki rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Məmmədnuru Əzizov, Böyük Dəhnə kənd bələdiyyəsinin sədri Kərəm Mürsəlov və başqaları çıxış edərək torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Bölgənin qazisi Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

2000-dən çox adamın iştirak etdiyi böyük izdiham 2 kilometrdən artıq kənd yolunu piyada qət edərək şəhid cənazəsini başları üstündə bayraq edib və "Şəhidlər ölməz, Vətən bölünməz" nidaları ilə Şəhidlər Xiyabanına doğru irəliləyiblər. Burada şəhid alqış sədaları altında Vətən torpağına əmanət edilib.

Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb, məzar üzərinə Müdafiə Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi və ictimai təşkilatlar adından əklillər və gül dəstələri düzülüb və cənazə üzərinə sərilmiş müqəddəs bayrağımız əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.

Şəhidin babası nəvəsinin Vətən uğrunda şəhidliyindən böyük qürur duyduğunu və bu bayrağın tezliklə Dağlıq Qarabağda dalğalanacağına əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi