Rusiya XİN Moskvada Qarabağ məsələsi ilə bağlı nazirlər toplantısının yekunlarına dair bəyanat yayıb

Rusiya XİN Moskvada Qarabağ məsələsi ilə bağlı nazirlər toplantısının yekunlarına dair bəyanat yayıb Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunları ilə bağlı bəyanat yayıb.
Qarabağ
15 Aprel , 2019 17:00
Rusiya XİN Moskvada Qarabağ məsələsi ilə bağlı nazirlər toplantısının yekunlarına dair bəyanat yayıb

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunları ilə bağlı bəyanat yayıb.

"Report" Rusiya XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu il martın 29-da Vyana sammitində əldə olunan razılaşmaların davamı olaraq, görüş iştirakçıları sərhəddə və təmas xəttindəki vəziyyəti, habelə humanitar sahədə əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə ediblər. Nizamlama məsələsinin əsas aspektləri üzrə fikir mübadiləsi aparılıb".

O cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla həlli üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər.

"Tərəflər münaqişə zonasında, o cümlədən kənd təsərrüfatı işləri görülən zaman vəziyyətin daha da sabitləşməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Onlar həmçinin tərəflərin ərazisində həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi üzrə qarşılıqlı əsasda tədbirlər görülməsi üçün razılığa gəliblər. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması üzrə praktiki işlərə başlamağa dair razılıqlarını bildiriblər", - bəyanatda qeyd olunub.

Rusiya XİN-dən bildiriblər ki, S.Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını vurğulayıblar. Görüş iştirakçıları həmçinin yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi