Yuxarı

Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri bir çox mübahisəli məqamlar üzrə mövqelərini yaxınlaşdıra bilib"

Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri bir çox mübahisəli məqamlar üzrə mövqelərini yaxınlaşdıra bilib"
Sergey Lavrov: Rusiya problemin münaqişəyə cəlb olunan bütün tərəfləri qane edəcək həllinə dəstək verməyə hazırdır

Bakı. 4 aprel. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə böyük diqqət ayırmağa davam edir. Səmimi olaraq regiona sülh və əmin-amanlığın dönməsində, orada insan ölümlərinə son verilməsində, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa edilməsində maraqlıyıq".

"Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Etimad əsasında qurulmuş tərəfdaşlıq: Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə" adlı məqaləsində deyilir.

O, Rusiya tərəfinin bunun üçün mümkün olan hər şeyi etdiyini qeyd edib.

"Vasitəçilik missiyamızı həm fərdi qaydada, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan digər ölkələrlə - ABŞ və Fransa ilə birgə həyata keçiririk. Vasitəçilərin dəstəyi ilə tərəflər bir çox mübahisəli məqamlar üzrə mövqelərini yaxınlaşdıra bilib. Nizamlanmanın əsas prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan prinsiplərin həyata keçirilmə ardıcıllığını fərqli formada görür. Bu mənada vəzifəmiz tərəflərə artıq bu mövzuda işlənmiş həll yolları üzrə balanslaşdırılmış nizamlanma üsulu tapmağa yardım etməkdir", - məqalədə deyilir.

S.Lavrovun sözlərinə görə, irəli hərəkət üçün vacib şərt münaqişə zonasında gərginliyin ümumi azaldılması və onun həlli üçün güc tətbiqi cəhdlərindəm imtinadır. "Öz növbəsində, Rusiya problemin münaqişəyə cəlb olunan bütün tərəfləri qane edəcək həllinə dəstək verməyə, razılaşma əldə olunacağı təqdirdə isə digər həmsədrlər ilə birlikdə nizamlanmanın zəmanətçisi kimi çıxış etməyə hazırdır", - XİN başçısı deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi