QHT-lər Almaniya XİN başçısının bəyanatına etiraz edir

QHT-lər Almaniya XİN başçısının bəyanatına etiraz edir Azərbaycan QHT-lərinin Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat yayıb.
Qarabağ
8 Oktyabr , 2020 16:46
QHT-lər Almaniya XİN başçısının bəyanatına etiraz edir

Azərbaycan QHT-lərinin Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“Biz Azərbaycan QHT-ləri olaraq bildiririk ki, Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Hayko Maasın Azərbaycana birtərəfli atəşkəsə dair çağırış etməsi və ölkəmizə təzyiq göstərilməsi barədə Almaniya Bundestaqında açıqlama verməsinin ictimaiyyətimizdə ciddi təəssüf hissi ilə qarşılanıb. 

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildən etibarən Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistan davamlı olaraq Azərbaycanın mülki əhalisini, strateji sənaye obyektlərini, o cümlədən Avropanın enerji təhlükəsizliyində prinsipial rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərini və münaqişə zonasından yüzlərlə kilometr uzağlıqda yerləşən iri şəhərləri raket atəşinə tutur.

Son iki həftədə Ermənistan beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq uzaq mənzilli raket və artilleriyadan istifadə edərək Azərbaycanın 32 günahsız mülki vətəndaşını qəsdən öldürüb və 165-ni yaralayıb, 1 000-dən çox evi və mülki infrastrukturu isə dağıdıb.

Hesab edirik ki, ATƏT-in Minsk qrupuna üzv olan, Avropada və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayan dövlət olaraq Almaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləmin tanıdığı sərhədlərinin toxunulmazlığı prinsipini birmənalı müdafiə edən BMT Təhlükəsizlik Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT Parlament Assambleyası, eləcə də Almaniya Bundestaqının müxtəlif illərdə qəbul etdikləri qərar və qətnamələrinə hörmətlə yanaşmalı və işğalçı Ermənistanın indiyə kimi bu tələblərə əməl etməməsini şiddətlə qınamalıdır.

Qeyd olunanları nəzərə alaraq biz, yuxarıda adı çəkilən sənədləri qəbul edən tərəf olan Almaniyanı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləməyə və regionda atəşkəsin və sülhün bərpasını təmin etmək üçün Ermənistanın işğal olunmuş ərazilərimizi dərhal, tam və qeyd-şərtsiz tərk etməsini tələb etməyə çağırırıq.

Ümid edirik ki, Almaniya hər zaman olduğu kimi bundan sonra da özünün obyektiv və beynəlxalq hüquqa uyğun prinsipial mövqeyini qoruyub saxlayacaq".

Son xəbərlər

Orphus sistemi