Prezident İlham Əliyev "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

Prezident İlham Əliyev "Aprel döyüşləri heç kimin yadından çıxmasın" "Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ il
Qarabağ
6 İyul , 2020 22:22
Prezident İlham Əliyev Aprel döyüşləri heç kimin yadından çıxmasın
İlham Əliyev

"Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ ilə bağlı kifayət qədər açıqlamalarım olub, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində və bunu artıq bilməyən yoxdur. Ona görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:"Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir.

O ki qaldı, tarixi ədalətə, hesab edirəm ki, bu haqda Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi. Eşitmişəm ki, mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı, əzbərləsinlər ki, tarixi yaxşı bilsinlər və özlərini, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər. Çünki onlar bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın baş nazirinin Ermənistanda hansısa meydanda yalan danışması bir məsələdir, bu yalanı beynəlxalq tədbirdə utanmadan danışması isə digər məsələdir. O, erməni xalqına heç bir aidiyyəti olmayan çarı erməniləşdirib. Bu, tam yalandır. “Qarabağ Ermənistandır” - növbəti yalan. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Ermənistanda baş verən hadisələrlə əlaqədar yalanlar.

Ona görə bu, məsələlərin bir tərəfidir. O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib! Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın".

Son xəbərlər

Orphus sistemi