Yuxarı

Mahmud Məmməd-Quliyev: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq bərpa olunmalıdır"

Nazir müavini əhalinin sülhə hazırlanmasından danışdı
© Report / Firi Salim — Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyəti Azərbaycanda akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirilib.

"Report"un məlumatına görə, görüş Azərbaycanın Xarici İşlər Nazirliyində baş tutub. 

Tədbiri xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev açaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edib, yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edib, münaqişənin həlli çərçivəsində işğal olunmuş ərazilərimizin azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacib olduğunu vurğulayıb. Münaqişənin həlli üzrə davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini bu xüsusda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa edilməsinin önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb. M.Məmməd-Quliyev görüşün əsas məqsədinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının 23 nəfərdən ibarət olan İdarə Heyətinin ölkədəki diplomatik korpusa təqdim edilməsi olduğunu söyləyib. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən ölkəmizin Dağlıq Qarabağ bölgəsinin 80 000 nəfərdən çox Azərbaycanlı İcmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb.

Daha sonra Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edib, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb və bu xüsusda beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyaraq onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir. Daha sonra H.Hacıyev Azərbaycan hökuməti tərəfindən bütün məcburi köçkünlər və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən ardıcıl siyasətdən, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan bəhs edib və bu xüsusda dünən şəhid ailələri ilə keçirilən görüş barədə tədbir iştirakçılarına məlumat verib. PA rəsmisi vurğulayıb ki, Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması işğaldan azad ediləcək bütün ərazilərin bərpa olunması, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün Azərbaycan Respublikasının əzmini bir daha nümayiş etdirir.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək öncə qurum haqqında məlumat verib, onun ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd edib. O, İcmanın İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim edib. T.Gəncəliyev çıxışında vaxtilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olmuş Dürdanə Ağayeva Samirə Hüseynova çıxış ediblər. Azərbaycanın Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıblar və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Tədbir zamanı həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının digər üzvləri də öz fikir və münasibətlərini, eləcə də suallarını ölkədəki diplomatik korpusun nümayəndələrinə ünvanlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi