Prezident: "Biz böyük hərbi qələbə qazandıq, Azərbaycan xalqını təbrik edirəm"

Prezident: "Biz böyük hərbi qələbə qazandıq, Azərbaycan xalqını təbrik edirəm" "Bu əməliyyat təxribata cavab olaraq aparılıb"
Qarabağ
3 Aprel , 2016 16:19
Prezident: Biz böyük hərbi qələbə qazandıq, Azərbaycan xalqını təbrik edirəm

Bakı. 3 aprel. REPORT.AZ/ "Bizim qəhrəman döyüşçülərimiz nəinki erməni təxribatının qarşısını ala biliblər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik olublar".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında deyib.

İlham Əliyev bildirib ki, təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmlənib: "Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılıb, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq".

Qeyd edək ki, aprelin 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri ermənilər tərəfindənintensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad olunub.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Ermənilərlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Son xəbərlər

Orphus sistemi