​İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"

​İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək" "Beynəlxalq hüquq və ədalət zəfər çalacaq"
Qarabağ
15 Sentyabr , 2015 23:10
​İlham Əliyev: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Mən əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə beynəlxalq hüquq və ədalət zəfər çalacaq".

"Report" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Çexiya prezidenti Miloş Zeman ilə birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Səfərin böyük əhəmiyyət daşıdığını vurğulayan İlham Əliyev, onun çox uğurlu keçəcəyinə və nəticələrinin ölkələrimizi bir-birinə daha da yaxın edəcəyinə əminliyini ifadə edib:

"Əlaqələrimiz uğurla inkişaf edir. Siyasət, iqtisadiyyat, mədəniyyət sahəsində çox gözəl nəticələr var. Beynəlxalq müstəvidə də, beynəlxalq təşkilatlar çərçivəsində də birgə fəaliyyət göstəririk. Bu gün əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi şəkildə müzakirə etdik. Bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur, əksinə bizim aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıb".

Onun sözlərinə görə, "bu gün imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə mənim sözlərimə əyani sübutdur. Bu, çox ciddi siyasi sənəddir, ikitərəfli əlaqələrimizin səviyyəsinin mahiyyətini əks etdirir və doğrudan da əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb".

"Bizim Avropa İttifaqına üzv ölkələrlə buna bənzər 7 müqavilə, anlaşma, bəyannaməmiz var. Artıq Avropa İttifaqına üzv ölkələrin 8-i ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər imzalanıb.

Bu Bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və münaqişənin həlli yolları da göstərilir. Bu mövqeyə, bu dəstəyə görə sizə minnətdaram. Bəyannamədə göstərilir ki, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır. Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır", - deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, uzun illərdir Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır, həmçinin bu bölgələrdə Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb.

İlham Əliyevin sözlərinə görə, bu siyasət nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb.

O bildirib ki, torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan bu işğalçı siyasətini davam etdirir, beynəlxalq vasitəçilərin çağırışlarına məhəl qoymur:

"Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ ən yüksək səviyyədə bəyan ediblər ki, bu münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, işğala son qoyulması deməkdir. Biz bunu istəyirik, beynəlxalq birlik də bunu istəyir və əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə beynəlxalq hüquq və ədalət zəfər çalacaq".

Son xəbərlər

Orphus sistemi