Bakı. 15 aprel. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən sammitinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı mövqelərini bir daha nümayiş etdiriblər.
"Report" xəbər verir ki, İƏT sammitinin yekunlarına dair bu gün qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, eləcə də zorla digər ölkələrin ərazisinin zəbt edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğu qeyd edilib.
Bəyannamədə həmçinin BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin həyata keçirilməsinə və Ermənistan Silahlı Qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasına çağırış edilib.
İƏT münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli üçün çağırış edib. Bəyannamədə təcavüzkar ölkəyə silah təchizatının davam etməsinin, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişmək üçün qanunsuz hərəkətlərin, o cümlədən mədəni irs və müqəddəs yerlərin dağıdılması və qeyri-qanuni şəkildə özününküləşdirilməsinin və digər qanunsuz iqtisadi fəaliyyət növlərinin ciddi narahatlıq doğurduğu vurğulanıb.
Bəyənnamədə həmçinin İƏT ölkələrinin öz ərazilərindən işğalçı Ermənistana heç bir dəstək verilməməsi üçün üzv dövlətlərin effektiv tədbirlər görülməsinə çağırış edilib.