İƏT-in dövlət və hökumət başçıları Ermənistana silah satışını dayandırmağa çağırıb

İƏT-in dövlət və hökumət başçıları Ermənistana silah satışını dayandırmağa çağırıb Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü zirvə görüşü keçirilib.
Qarabağ
3 İyun , 2019 17:37
İƏT-in dövlət və hökumət başçıları Ermənistana silah satışını dayandırmağa çağırıb

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü zirvə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Əl-ələ gələcəyə doğru” devizi altında keçirilən İƏT-in bu görüşündə Azərbaycanın Baş Nazir Novruz Məmmədov təmsil edib.

Zirvə görüşü nəticəsində yekun kommünike sənədi qəbul edilib. Sənədin 34 və 35-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb. Belə ki, bu bəndlərdə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti pislənir, beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə ərazilərin güc tətbiq etməklə işğalının qəbuledilməzliyi təsdiqlənir, BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi və işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Sənəddə İƏT dövlət və hökumət başçıları münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə çağırır. Burada həmçinin Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində işğalçının davamlı silahla təmin edilməsi, ərazilərin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsinə yönəlik qeyri-qanuni fəaliyyət, o cümlədən mədəni irsin və müqəddəs yerlərin dağıdılması və mənimsənilməsi, ictimai və şəxsi mülklərə müdaxilə etməklə qanunsuz iqtisadi və digər fəaliyyətin davam etdirilməsindən dərin narahatlıq ifadə olunur. Bununla bağlı, İƏT üzv ölkələrindən effektiv tədbirlərin həyata keçirilməsi o cümlədən, işğalçıya öz ərazilərindən və ya əraziləri vasitəsilə silah ötürülməsinin, fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətinin və işğalın saxlanılmasına xidmət edəcək hər hansı fəaliyyətin milli qanunvericilikləri vasitəsilə qarşısının alınması tələb olunur. Sənəddə Azərbaycanın BMT Baş Assambleyası vasitəsilə də daxil olmaqla, ərazi bütövlüyü və suverenliyini bərpa etmək səylərinə prinsipial dəstək bir daha təsdiq olunur.

Yekun Kommünikedə habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Təmas Qrupunun fəaliyyətinə tam dəstək ifadə olunur.

Son xəbərlər

Orphus sistemi