Yuxarı

İcra başçısı ATƏT nümayəndələrinə ermənilərin törətdikləri təxribatlar barədə məlumat verib

İcra başçısı ATƏT nümayəndələrinə ermənilərin törətdikləri təxribatlar

"ATƏT-in nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində törədikləri təxribatlar barədə məlumat verdim".

Bunu "Report"un Qarabağ Mərkəzinə açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.

V.Həsənov iyunun 25-də rayon İcra Hakimiyyətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnorla görüşüb.

İcra başçısı bildirib ki, ermənilər cəbhə xəttinə yaxın ərazilərdə mülki əhaliyə atəş açmaqla yanaşı, işğal olunmuş Azərbaycan torpaqlarında yanğınlar törədirlər: "Düşmən nəzarəti altında olan torpaqlarımızda mütəmadi olaraq yanğınlar törədilir. Sonuncu dəfə bir neçə gün bundan öncə ermənilər yenidən yanğın törədiblər. Yanğın Ağdam rayonunun Mirəşəlli kəndinin qəbiristanlığına da keçib. 

Yerli əhali və Ağdam Rayon İcra Hakimiyyəti düşmənin törətdiyi yanğının qarşısını almaq üçün səfərbər oldu və yanğın çətinliklə söndürüldü. Bununla da alovun taxıl zəmilərinə və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alındı. Mən ermənilərin cəbhə xəttinə yaxın ərazilərdə törətdikləri bu təxribatlar barədə ATƏT nümayəndələrini məlumatlandırdım. Onlar da bizim fikirlərimizi ATƏT rəhbərliyinə çatdıracaqlar".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir. 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor aparırlar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi