Hikmət Hacıyev: “Həmsədrlər Ermənistanın danışıqlar prosesində konstruktiv iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar”

Hikmət Hacıyev: “Həmsədrlər Ermənistanın danışıqlar prosesində konstruktiv iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar” XİN rəsmisi: “ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın addımlarına adekvat münasibət bildirməlidirlər”
Qarabağ
9 Dekabr , 2016 16:35
Hikmət Hacıyev: “Həmsədrlər Ermənistanın danışıqlar prosesində konstruktiv iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar”

Bakı. 9 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında bir daha mövcud vəziyyətin qəbuledilməz və təhlükəli olması və hər zaman gərginləşə biləcəyi əksini tapıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını şərh edərkən deyib.

O qeyd edib ki, bəyanatda həmçinin münaqişənin mərhələli yolla həlli üçün atılmalı olan addımlar sadalanır: "Burada da ilk addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında olan ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasıdır".

H.Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır: "Aprel ayında qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin, şəxsi və dövlət mülkiyyət obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən ağır silahlardan hədəfə alınması və nəticə etibarilə, Ermənistanın təhriki və təxribatı ilə başlayan gərginlik bir daha mövcud status-kvonun qəbuledilməz olduğunu sübut etdi.

Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Status kvonun dəyişdirilməsi üçün ilk addım Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasıdır".

XİN rəsmisi deyib ki, Azərbaycan Vyana və xüsusilə Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirir: "Həmsədrlərin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi hazırda gündəlikdə olan işçi təkliflər əsasında substantiv danışıqlar vasitəsilə münaqişənin həllinin və regionda davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır və açıq şəkildə sülh prosesini pozmaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur".

H.Hacıyev vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi addımlarına adekvat münasibət bildirməli, Ermənistanın danışıqlar prosesində konstruktiv və xoş niyyətlə iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar.

Son xəbərlər

Orphus sistemi