“Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ – Ermənistandır” sözlərini qəti şəkildə rədd edirik”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki,
“Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir”, - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.
Hikmət Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri, həmçinin özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.
“Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ilədək inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir. Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir”,- Prezident Administrasiyasının rəsmisi vurğulayıb.