“Ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında yeni yaşayış məskənləri salması tarixə də, hüquqa da ziddir”.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında İstanbul Universitetinin professoru, doktor, tarixçi-ekspert Halil Bal deyib.
Onun sözlərinə görə, ermənilər bununla gündəmi dəyişmək və üzərlərinə düşən məsuliyyətdən boyun qaçırmağa çalışırlar: “Ermənilər Azərbaycanın Dağlıq Qarabağı bölgəsini və ətraf 7 rayonu işğal edib, bütün dünya da bu faktı bilir. Onların işğalçılıq siyasəti nə tarixdə, nə də hüquqda heç bir əsasa dayanmamaqdadır. Ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında yeni yaşayış məskənləri salması qəbulolunmazdır. XXI əsrdə başqa bir ölkənin torpaqlarını işğal etmək beynəlxalq hüquq normalarını çeynəməkdir. Bu azmış kimi, Livan ermənilərini Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşdırmaq heç bir hüquqa sığmır. Bu addım əsla qəbul olunmamalıdır, Azərbaycan və Türkiyə kimi hüquqa riayət edən digər dövlətlər də bu məsələdə mövqeyini ortaya qoymalı və Ermənistana lazımi xəbərdarlığı etməlidirlər”.
Tarixçi-ekspert bildirib ki, Ermənistanın hazırda dünya dövlətləri, qanunvericilik və beynəlxalq hüquq qarşısında məsuliyyəti Dağlıq-Qarabağ münaqişəsinin həlli üçün çıxış yollarını axtarmaq olmalıdır: “Onların qarşısında bu gün həll edilməsi lazım olan bir problem var. Dağlıq Qarabağ münaqişəsini həll etmək, Azərbaycanın əzəli və əbədi torpaqlarını geri qaytarmaq bu gün onların prioritet məsələsi olmalıdır. Ermənilərin bu gün alacağı sadəcə bir qərar var. Azərbaycan torpaqlarını şərsiz bir şəkildə sahiblərinə geri verməkdir. Azərbaycan modern bir hüquq dövlətidir. Azərbaycan torpaqlarına sonradan gəlməyib uzun illərdir yaşayan ermənilər vətəndaşlıq hüququndan yararlana bilərlər. Azərbaycan ermənilərlə bağlı bütün mövzularda həssaslıq ortaya qoymaqdadır. Ancaq biz onların əməllərinə baxdığımız zaman heç bir humanizm görmürük. Millətlərarası hüquqa qarşı çıxıb illərdir bu gün həll etmələri vacib olan məsələrdən yayınmaqla gündəmi dəyişdirən Ermənistanın işğal etdiyi torpaqlardan sakit şəkildə getməyəcəyini görürük. Bu baxımdan, onları Azərbaycan torpaqlarından çəkilməyə məcbur edəcək beynəlxalq mexanizmlərdən istifadə olunmalıdır, lazım gələrsə, silahdan belə istifadə olunmalıdır. Ermənilər müharibə istəmirlərsə, dinc yolla beynəlxalq hüquqa hörmət göstərdiklərini ortaya qoymalıdırlar. Görünür, onlar bəzi xarici himayədarlarının sayəsində işğal etdikləri torpaqlarda əbədi qalacaqlarını düşünürlər. Ancaq nə Azərbaycan, nə Türkiyə, nə də beynəlxalq hüquqa riayət edən dövlətlər buna icazə verməyəcək və Dağlıq Qarabağ münaqişəsi ən qısa zamanda öz həllini tapacaq”.
Vüsalə Abbasova