Gürcüstanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını əks etdirən kitabın təqdimatı olub

Gürcüstanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını əks etdirən kitabın təqdimatı olub Kitab layihə çərçivəsində işıq üzü görüb
Qarabağ
29 Sentyabr , 2017 01:39
Gürcüstanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını əks etdirən kitabın təqdimatı olub
"Report"

Tbilisi. 29 sentyabr. REPORT.AZ/ “Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə 819,12 milyard dollar məbləğində ziyan dəyib. Bu məbləğin 177 milyard dolları tarixi, mədəni abidələrə aiddir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Historical and cultural monuments in the occupied territories of Azerbaijan” adlı kitabının təqdimatı zamanı səslənib.

Muzeyin elmi işçisi Leyla Əliyeva kitabın əhəmiyyətindən danışıb, azərbaycanlı alimlərin erməni vandalizmi barədə yazdıqları kitab, məqalə və digər yazılı sənət əsərlərinin gürcü ictimaiyyəti tərəfindən maraqla qaşılandığını qeyd edib.

Müəllif Faiq İsmayılov çıxışında bildirib ki, kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Azərbaycanın işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin Elektron Məlumat Bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır” adlı layihə çərçivəsində işıq üzü görüb. Kitab AMEA-nın İnsan Hüquqları İnstitutu, Azərbaycan Prezidenti yanında Türkçülüyə Dəstək Fondu, BMT-nin Təhsil və Mədəniyyət şöbəsi, UNESCO-nun Azərbaycan komissarlığının təşəbbüsü ilə çap edilib.

F. İsmayılov kitab haqqında ətraflı məlumat verdikdən sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, tarixçi alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, Gürcüstan Memarlar Assosiasiyasının təsisçisi (CEO), "STYLE" jurnalının redaktoru Nino Logidze və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, ermənilərin Qafqazda törətdikləri vəhşiliklərdən bəhs ediblər.

Bildirilib ki, tarixi materiallarda işğal altında olan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan 13 abidə, 1200 dövlət əhəmiyyətli, 2500 yerli əhəmiyyətli abidə dağıdılıb, talan edilib.

Bundan başqa, işğal olunmuş ərazilərdə 100 mindən çox eksponatın saxlandığı 26 muzey, 927 kitabxana, 4,6 milyon kitab, 808 klub, 4 teatr, 2 konsert salonu, 8 istirahət və mədəniyyət parkı, 4 incəsənət qalereyası, 85 musiqi məktəbi minlərlə musiqi aləti və sair qiymətli material dağıdılıb, mənimsənilib.

Q. Marxuliya çıxışında bildirib ki, ermənilərin Azərbaycan mədəniyyətinə, incəsənətinə vurduğu 819,12 milyard dollar ziyan təkcə bununla bitmir. Ermənilərin Azərbaycanda və Gürcüstanda insanlara vurduğu mənəvi-psixoloji zərbəni qiymətləndirmək mümkün deyil. Erməni terrorçuları beynəlxalq məhkəmələrdə cavab verməli, onların barəsində ən ağır cəza tədbiri görülməlidir.

Qeyd olunub ki, dünya ictimaiyyəti bunu dərk etməli, ermənilərin Cənubi Qafqazdakı dağıdıcı, terrorçuluq fəaliyyətini pisləməli və erməni vandalizminə qarşı birgə mübarizə aparılmalıdır.

Son xəbərlər

Orphus sistemi