Fransalı yazıçı: "Azərbaycana məxsus Qarabağ atlarının tarixi vətəni işğal altındakı Qarabağ torpaqlarıdır" - MÜSAHİBƏ

Fransalı yazıçı: "Azərbaycana məxsus Qarabağ atlarının tarixi vətəni işğal altındakı Qarabağ torpaqlarıdır" - MÜSAHİBƏ Jan-Lui Quro: "Azərbaycan uzaqgörən siyasət yürüdərək Qarabağ atı üzərində oynanılan Çövkən oyununu YUNESKO-nun siyahısına daxil etdirib"
Qarabağ
11 Yanvar , 2018 14:05
Fransalı yazıçı: Azərbaycana məxsus Qarabağ atlarının tarixi vətəni işğal altındakı Qarabağ torpaqlarıdır - MÜSAHİBƏ
Report

Paris. 11 yanvar. REPORT.AZ/ Fransalı yazıçı-publisist, “Qarabağ atı” kitabının redaktoru Jan-Lui Quro “Report”un Qərbi Avropa bürosuna müsahibəsi:

- Qarabağ atları ilə bağlı ilk məlumatı haradan əldə etmisiniz? Necə oldu ki, bu atlara maraq göstərməyə başladınız?

- Qarabağ atları haqqında XIX əsrdə Çar Rusiyası dövründə nəşr olunmuş atlarla bağlı bir kitabda oxumuşdum. Daha sonra SSRİ-yə səfərim zamanı rus atları ilə yanaşı, Mərkəzi Asiya, Qafqaz atları və Cənubi Qafqazın ən yaxşı atı hesab olunan Qarabağ atlarına rast gəldim.

Hələ Sovet İttifaqı dövründə Qarabağ atları azalmaq təhlükəsi ilə üzləşmişdi. Daha sonra təəssüflər olsun ki, Azərbaycanın müstəqilliyinin itkilər, faciələrlə başa gəldiyini eşitdim, Dağlıq Qarabağın işğal olunmasından, azərbaycanlıların doğma dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldıqlarından xəbər tutdum. Təbii ki, belə bir şəraitdə onsuz da azalmaqda olan Qarabağ atlarını yaxşı heç nəyin gözləyə bilməyəcəyini fikirləşdim. Bir neçə il bundan əvvəl Çövkən oyununun YUNESKO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınması məsələsinin müzakirəyə çıxarıldığını eşitdim. Azərbaycanın namizədliyinin təqdim edildiyi sessiyaya qatılmaq üçün Bakıya dəvət aldım. Çövkən oyununun YUNESKO tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirdi, hətta Fransa atçılığı da bu siyahıya daxil edilmişdi. Azərbaycana səfərim zamanı düşündüyümün əksinə olaraq Qarabağ atlarını yaşatmaq naminə böyük işlərin həyata keçirildiyinin şahidi oldum.

- Qarabağ atlarına məxsus xüsusiyyətlər hansılardır?

- Gözəllik, hərəkətlərindəki eleqantlıq və elastiklik. Onlarda bir aristokratlıq var.

- Çövkən oyununu hansı xüsusiyyətlərinə görə Qarabağ atları üzərində oynayırlar?

- Bu oyuna sürətli, çevik və dözümlü atlar lazımdır. Qarabağ atları bütün bu keyfiyyətlərə malikdir. Qarabağ atları həm də düşünmə qabiliyyətləri ilə də digər atlardan fərqlənir. Ona görə də Azərbaycan bu oyunun Qarabağ atı üzərində oynanılmasını tanıdıb. Çövkən oyunu digər xalqlarda da mövcuddur və onlar bunu başqa atlar üzərində oynayırlar. Ancaq bu zaman oyunu uduzmaq ehtimalı daha çox olur.

- Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində Qarabağ atları daimi yetişdirildikləri ərazilərdən başqa yerlərə köçürülüblər. Bu atlar bir növ münaqişənin qurbanına çevriliblər... 

- Atlar heç bir siyasi mahiyyət daşımırlar. Qarabağ müharibəsi isə insanlığın ən dəhşətli faciələrindəndir. Bunun nəticəsində Azərbaycan xalqı maddi-mənəvi zərər görüb. Bu münaqişə atlar üçün də baha başa gəlib. Onlar doğma yurdlarını - Qarabağı tərk etməli olublar. Bu atların vətəni Qarabağdır. Qarabağ atları Norveç atlarından çox fərqlənirlər. Bunun da səbəbi onların yaşadıqları və öyrəşdikləri iqlimdir. Onların oyluqlar eyni deyil. Atın cinsi onun yaşadığı torpağa uyğun formalaşır. Əlcəzair atları Norveç iqliminə öyrəşə bilməz. Qarabağ atlarının doğma torpaqlarından didərgin düşməsi onlar üçün bir faciədir. Biz onlar üçün Qarabağın iqliminə bənzər iqlim tapa bilərik, lakin doğma yer başqadır.

Siyasi tərəfinə gəldikdə isə Azərbaycan uzaqgörən siyasət yürüdərək Qarabağ atı üzərində oynanılan Çövkən oyununu YUNESKO-nun siyahısına daxil etdirib. Bununla da bir daha bütün dünyaya nümayiş etdirib ki, Qarabağ atının beşiyi olan Qarabağ bölgəsi onun tarixi torpaqlarıdır. Yaxın vaxtlarda Azərbaycanın bu parlaq siyasətindən bəhs edəm məqaləm işıq üzü görəcək.

- Qarabağ atlarının sayının azalmasının qarşısını almaq üçün nə edə bilərik?

- Bır sıra at cinslərinin azalmasına, hətta yoxa çıxmasına səbəb onlara artıq ehtiyacın olmamasıdır. Atlar tarix boyu insanların xidmətində olublar. Onlar daha insanların işinə yararlı olmamaları səbəbindən azalmağa başlayırlar. Məsələn, Kazak atlarına kazakların daha mövcud olmadıqları bir dövrdə ehtiyac duyulmur.

Atların təbiətdə yaşaya bilmələri fikri yanlışdır. Onlarda insanlardan bir asılılıq mövcuddur. Atların azalmasının qarşısını almaq üçün onlara bir məşğuliyyət formasının axtarıb tapılması vacibdir. Dünyada atların məşğuliyyətinin üç müasir növü tanınıb. Bunlar əyləncə, yarış və atçılıq oyun növləridir. Mən Azərbaycanda Qarabağ atları ilə bağlı həyata keçirilən tədbirləri alqışlayıram. Hesab edirəm ki, Qarabağ atlarını yaşatmaq üçün Çövkən oyununu inkişaf etdirmək bu uğurlu siyasətin əsas elementlərindəndir.

Sovet İttifaqı atların azalaraq yoxa çıxmasına hərtərəfli mənfi təsir göstərib. Bu, həm də millətçiliyin, milli bütövlüyün zəifllədilməsi üçün bir üsul idi. Çünki atlar bir çox xalqlar kimi, Azərbaycan xalqı üçün də hər zaman milli qurur mənbəyi olublar.

Son xəbərlər

Orphus sistemi