"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimatı keçirilib

"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimatı keçirilib Kitabda əsir-girovluqdan azad edilmiş 339 nəfərin ifadəsi öz əksini tapıb
Qarabağ
15 Fevral , 2018 11:54
Erməni əsirliyində: işgəncə və qətl antologiyası adlı kitabın təqdimatı keçirilib
Report/ Firi Salim

Bakı. 15 fevral. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilən "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimatı keçirilib.

"Report" xəbər verir ki, Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini bildirib. 

Komissiya katibi qeyd edib ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və erməni separatçı, terrorçu-quldur dəstələri tərəfindən əsir-girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb.

O vurğulayıb ki, kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilib. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda əsir-girovluqdan azad edilmiş 339 nəfərin ifadəsi öz əksini tapıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı Musa Qasımlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək kitabda əksini tapan hadisələri sadəcə humanitar hüquq normalarının pozulması faktı deyil, ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndiriblər.

Çıxışçılar dünyada ikili standartların hökm sürməsinə baxmayaraq, hazırda Ermənistanda yüksək dövlət vəzifələri daşıyan müharibə canilərinin nə vaxtsa, beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliklərini ifadə ediblər. Bu baxımdan kitabın zəngin informasiya mənbəyi olduğunu və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Tərtibçilər adından çıxış edən Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov kitabda əksini tapmış faktların müxtəlif vaxtlarda əsir-girovluqdan azad edilmiş şəxslərdən alınaraq arxivləşdirildiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi