Dağlıq Qarabağda son günlər baş verən gərginlik AŞPA-da müzakirəyə çıxarılacaq

Dağlıq Qarabağda son günlər baş verən gərginlik AŞPA-da müzakirəyə çıxarılacaq Pedro Aqramunta məktub ünvanlanıb
Qarabağ
6 Aprel , 2016 13:40
Dağlıq Qarabağda son günlər baş verən gərginlik AŞPA-da müzakirəyə çıxarılacaq

Bakı. 6 aprel. REPORT.AZ/ "Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvləri qurumun yaz sessiyasında komitələrdə, partiya iclaslarında, eləcə də Assambleyanda Dağlıq Qarabağla bağlı son günlər cəbhəyanı ərazilərdə baş verən vəziyyəti müzakirəyə çıxaracaqlar. Hətta bununla bağlı nümayəndə heyətinin rəhbəri olaraq qurumun sədri Pedro Aqramunta məktub da ünvanlamışam". Bu barədə "Report"a açıqlamasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri müntəzəm olaraq AŞPA-da Dağlıq Qarabağla, eləcə də işğal olunmuş torpaqlarla bağlı məsələni gündəmə gətirir: "Sessiya çərçivəsində həmçinin, cəbhəyanı bölgələrdə baş verən son hadisələrdən sonra ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, Azərbaycana qarşı aparılan təxribat, eyni zamanda qarşı tərəfin danışıqlarda obyektiv mövqedən çəkinərək status-kvonu saxlamaq cəhdləri və bu kimi məlumatlar müzakirə olunacaq. Bu bizim həm vətəndaş, həm də deputatlıq borcumuzdur".

Qeyd edək ki, AŞPA-nın növbəti yaz sessiyası 18-22 apreldə Strasburqda keçiriləcək. Sessiya çərçivəsində deputatlar Avropada miqrasiya böhranı, məcburi miqrasiya və onun nəticələri və problemləri, qaçqınların hüquqları ilə bağlı vəziyyəti, Ukraynadakı münaqişəni və s. məsələləri müzakirə edəcəklər.

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimlərin seçkisi keçiriləcək və Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieks illik hesabatını təqdim edəcək.

Həmçinin, sessiya zamanı gözlənilən çıxışların siyahısı da açıqlanıb: 19 aprel - Türkiyənin baş naziri Əhməd Davudoğlu və Avropa Komissiyasının sədri Jan-Klod Yunker; 20 aprel - Avstriya prezidenti Haynts Fişer; 21 aprel - Gürcüstanın baş naziri Qriqori Kvirikaşvili.

Son xəbərlər

Orphus sistemi