Çilili jurnalist: "Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli və Xocalı soyqırımına ədalət təmin olunmalıdır"

Çilili jurnalist: "Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli və Xocalı soyqırımına ədalət təmin olunmalıdır" Xocali soyqırımı Latın Amerikası mətbuatında geniş işiqlandırılıb
Qarabağ
26 Fevral , 2018 12:21
Çilili jurnalist: Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli və Xocalı soyqırımına ədalət təmin olunmalıdır
Xarici İşlər Nazirliyi / Report

Bakı. 26 fevral. REPORT.AZ/ Latin Amerikasının bir çox ölkəsində yayımlanan “Telesur TV” telekanalının internet səhifəsində tanınmış çilili jurnalist ve beynəlxalq analitik Pablo Xofrenin “Xocalı: Dünyanın vicdanında qanayan bir yara” başlıqlı məqaləsi yayımlanıb. 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müəllif məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edərək münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından qaçqın ve məcburi köçkün vəziyyətinə düşdüyünü, azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qaldığını yazıb.

Xocalı soyqırımını bütün təfərrüatları ilə qələmə alan jurnalist, soyqırımın XX əsrin sonlarında törədilən ən dəhşətli şiddət aktlarından biri olduğunu ve Azərbaycan xalqı tərəfindən daim xatırlandığını, soyqırımın təşkilatçılarının beynəlxalq hüquqi məsuliyyət daşıdığını qeyd edib. O, Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vala müsahibəsi zamanı Ermənistanın BMT Təhlükəsizlik Şurasının atəşkəs ve sülh çağırışlarına məhəl qoymadan Azərbaycanın torpaqlarını işğal etmək üçün ona qarşı məqsədli şəkildə müharibə apardığını etiraf etdiyini yazıb. S.Sarkisyanın sülh çağırışlarını heçə saymasının Xocalı kimi qanlı qətliama səbəb olduğunu ve beləliklə Ermənistan hakim dairələrinin əsl niyyətlərinin üzə çıxdığını bildirib.

BMT Təhlükəsizlik Şurası daxil olmaqla, dünyanın bir çox beynəlxalq təşkilatı tərəfindən, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün ve suverenliyinin bərpası, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına, eləcə də 26 il bundan əvvəl törədilən Xocalı soyqırımı cinayətinə yönəlik qəbul edilən qətnamələrdən bəhs edən müəllif, beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, törədilən cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşıdığının artıq tanındığını bildirib.

Beynəlxalq analitik, Argentinanın La Plata Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Paulo Bottanın münaqişənin beynəlxalq hüquqi aspektlərinə dair hərtərəfli araşdırmasına istinad edərək, münaqişəni bu aspektdə izah edib və Xocalı soyqırımını beynəlxalq insan haqları konvensiyaları çərçivəsində dəyərləndirib. O bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına və Cenevrə Konvensiyasının müvafiq müddəalarına əsasən Ermənistan yürütdüyü təcavüzkar işğalçılıq siyasətinə və törətdiyi cinayət əməllərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. O, daha sonra bildirib: “613 azərbaycanlının öldürülməsi Xocalı soyqırımının nəticələrindən sadəcə biridir. Onun illeqal işğal səbəbi ilə yaranan - münaqişə nəticəsində insanların zorla məcburi köçkünə çevrilməsi və onların bu vəziyyətinin hələ də davam etməsi, işğalın davam etdirilməsi və beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş ərazilərin kolonizasiyası kimi tədbirlərlə işğal vəziyyətinin möhkəmləndirilməsi kimi digər nəticələri də mövcuddur”. 

Müəllif Ermənistanın siyasətinin beynəlxalq hüquqa zidd olduğunu və bu mənada, Cenevrə beynəlxalq konvensiyasının altıncı paraqrafının 49-cu maddəsində: “İşğalçı qüvvə, öz mülki əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsini və ya evakuasiyasını həyata keçirə bilməz” – deyə öz əksini tapdığını vurğulayıb.

Müəllif sonda bildirib ki, münaqişədə yaranan status-kvo qəbuledilməzdir və Ermənistanın ərazi iddialarının nə tarixi, nə də beynəlxalq hüquqi əsası yoxdur. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli və dünyanın vicdanında qanayan yara olaraq qalmağa davam edən Xocalı soyqırımına ədalət təmin olunmalıdır.

Son xəbərlər

Orphus sistemi