Belçikada Xocalı şəhidlərinin xatirəsi yad edilib

Belçikada Xocalı şəhidlərinin xatirəsi yad edilib Bakı. 26 fevral. REPORT.AZ/ Belçikada Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Qarabağ
26 Fevral , 2018 20:50
Belçikada Xocalı şəhidlərinin xatirəsi yad edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Belçikada Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın Vaterlo şəhərindəki abidəsinin önündə təşkil edilən tədbirdə ölkəmizin Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən ağrılı faciələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb. Səfir Xocalı soyqırımını müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi dəyərləndirib. F.İsgəndərov son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqəti yönəldib və bunun xalqımızın sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb, şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib, abidənin önünə əklil və gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi