Belçika təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimatı keçirilib

Belçika təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimatı keçirilib "Erməni barbarları, sanki, evlərdən, divarlardan qisas alıblar"
Qarabağ
21 Aprel , 2016 11:27
Belçika təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimatı keçirilib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə filmin yaradıcı heyəti, millət vəkilləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Filmin rejissoru, “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının rəhbəri Mişel İqor deyib ki, Ağdamda fəlakətlər törədilib və baş verənlər dəhşətlidir: “Film çəkilərkən müşahidə etdim ki, şəhər xarabalığa çevrilib. Filmin çəkilməsində məqsəd Ağdamın tarixini bərpa etmək idi. Mənim üzərimə böyük məsuliyyət düşürdü ki, yurdlarından didərgin düşən insanların fikirlərini cəmiyyətə çatdırım. İnsanlar filmdə dağıdılmış Ağdamı gördülər, yəqin ki, onların bəziləri öz yaşadıqları evin vəziyyəti ilə tanış oldular. Düzdür, qaçqın və məcburi köçkünlərə yeni mənzillər verilib, onlara şərait yaradılıb, buna baxmayaraq, onlar öz yurdlarına qayıtmaq istəyirlər. Filmdəki müsahibələrdən də bu, aydın görünür”.

118 saylı Ağdam şəhər seçki dairəsindən deputat seçilən Bəxtiyar Əliyev deyib ki, filmin rejissoru Mişel İqor insanların hisslərini peşəkarlıqla çatdırıb: “Əlbəttə, bu, böyük faciədir, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ağdam işğal ediləndə orada 157 min insan yaşayırdı. Filmdə Ağdamın panaroması göstərilib, çox gözəl şəhərdir, göründüyü kimi, şəhər tamamilə dağıdılıb. Bunu edənlərə qarşı tədbir görülməsinin vaxtı çatıb. Bu insanların öz yurdlarına qayıtmaları üçün əlimizdən gələni etməliyik. Beynəlxalq təşkilatlar bu işdə bizə kömək olmalıdırlar”.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, filmdə insanların başına gələn faciə əksini tapıb: “Ermənilər şəhəri dağıdıblar. Erməni barbarları, sanki, evlərdən, divarlardan qisas alıblar. Bu İŞİD-in törətdiyi cinayətlərdən də artıqdır. Ermənilər 22 öncə Ağdamda bir daşı-daş üstündə qoymadılar, şəhəri yerlə yeksan etdilər. Dünya ictmaiyyəti isə bu məsələdə susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası ermənilərin Ağdamdan çıxarılmasını tələb edən qətnamə qəbul edib. Amma ermənilər buna əməl etmədi. Onlar, hətta Suriyadan da erməniləri gətirib orada yerləşdiriblər. Həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqı işğalla barışmayacaq. Dünya üçün qəbulolunmazdır ki, Ağdam erməni işğalı altındadır. Ümid edirəm ki, haqq-ədalət tezliklə bərpa ediləcək”.

Tədbirdə film nümayiş olunub. Filmdə Ağdamda baş verənlər sakinlərin dilindən çatdırılıb.

Son xəbərlər

Orphus sistemi