Yuxarı

Bakı Konqres Mərkəzində anım tədbiri

​Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” anım tədbiri

60

© Report/Elchin Murad

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı tədbir keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları, təşkilatların üzvləri, Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd Xidməti Akademiyasının müdavimləri iştirak edib.

Xocalı soyqırımını əks etdirən, xarici və yerli fotoqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil edilib, həmçinin soyqırımı həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunmuş “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi stendi quraşdırılıb.

Tədbir dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlayıb, iştirakçılara soyqırımı barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilib. Vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.

“Könlüm Xocalı” tədbirinin bədii hissəsində dünyaca məhşur TEULİS teatrının təqdimatında soyqırımından bəhs edən kölgə-teatral tamaşası nümayiş olunub. Fransız bəstəkar Piyer Tiluanın “Xocalı-613” adlı kompozisiyasının musiqisi ilə müşayiət olunan səhnədə soyqırımı gecəsi baş vermiş dəhşətlər və bu hadisənin minlərlə insanın ümid və talelərini məhv etməsi təsvir olunub.

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyevə həsr edilmiş videoçarx nümayiş olunub. Ə.Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva və qızı Zarina Hacıyeva çıxış edərək, Milli Qəhrəmanın həyat yolundan, vətəninə, dövlətinə bağlılığından, həmçinin Qarabağ müharibəsi zamanı şücaətlərindən danışıblar.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib, tədbirdə iştirak edən gəncləri və ictimai təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha da səylə qorumağa çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi