Bahar Muradova: "Ermənistan Avropa Parlamentinin qərarından ruhlanaraq, Qarabağ məsələsində təxribatlara əl atacaq" - MÜSAHİBƏ

Bahar Muradova: "Ermənistan Avropa Parlamentinin qərarından ruhlanaraq, Qarabağ məsələsində təxribatlara əl atacaq" - MÜSAHİBƏ "Bu qərar Ermənistan-Türkiyə münasibətlərinin gərginləşməsinə xidmət edəcək"
Qarabağ
16 Aprel , 2015 17:48
Bahar Muradova: Ermənistan Avropa Parlamentinin qərarından ruhlanaraq, Qarabağ məsələsində təxribatlara əl atacaq - MÜSAHİBƏ

Bakı. 16 aprel. REPORT.AZ/ Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova "Report"un suallarını cavablandırıb.

- Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nın tanınması haqqda qətnamə qəbul etməsini necə qiymətləndirirsiniz? Bu qətnamə Azərbaycan - Avropa Parlamenti münasibətlərinə necə təsir edəcək?

-  Avropa Parlamenti kimi mötəbər və nüfuzlu qurumun belə qeyri-ciddi qətnamə qəbul etməsi təəssüf doğurur. Çünki bu qurum yalnız Avropanın maraqlarına uyğun qərarların qəbulu və yaxud da onların doğru hesab etdikləri məsələlərə münasibət ortaya qoymaq üçün deyil. Orada oturanlar daha məsuliyyətli davranaraq dünyada gedən proseslərə obyektiv qiymət verməyə çalışmalıdırlar. Hər bir qurum özünün səlahiyyətinə aid məsələlərə baxmalıdır. Bu qurumun üzvü olmayan dövlətlərdə baş verən hadisələr haqqında qərarlar qəbul edərkən də obyektiv olmaq, tərəf tutmamaq və bu ölkələrlə Avropa Parlamenti arasındakı münasibətləri daha da yaxınlaşdırmağa xidmət edəcək addımlar atmaq lazımdır. İndi görünən odur ki, Avropa Parlamenti erməni maraqlarına istinad edərək belə bir qətnamə qəbul edib. Avroparlamentarilər Ermənistanın 200 il əvvələ gedib çıxan siyasətinin son məqamlarına diqqət edərdilər. Heç bir sübuta, dəlilə ehtiyacı olmayan hadisələrə də nəzər yetirərdilər. 

Bizim bu tipli beynəlxalq qurumlardan gözlədiyimiz Avropanın özünün də qarşı çıxdığı təcavüz faktlarına münasibət bildirməkdir. Amma Ermənistanla, bu işğalçı ölkənin Azərbaycana yönəlik təcavüzkar siyasəti ilə bağlı konkret mövqe sərgiləmədən və təcavüzkarı dayandırmağa xidmət edən addım atmadan ermənilərin stimullaşdırılmasına xidmət edən belə qərarların qəbulu doğru deyil. Hesab edirəm ki, bu qətnamənin qəbulu məqsədli şəkildə həyata keçirilib. Bu, yalnız insani nöqteyi-nəzərdən qəbul edilən qərar deyil. 100 il bundan əvvəl baş verən hadisələr haqda danışarkən o zaman türk millətinin, Osmanlıda yaşayan başqa xalqların da yaşadığı faciələrdən söhbət açılmalı, ən azı ona da münasibət bildirilməli idi. Bütün bunlar olmadığı təqdirdə belə bir qətnamənin qəbulu belə deməyə əsas verir ki, Avropa Parlamenti özünün subyektiv mülahizələrinə və erməni iddialarına əsaslanan addım atıb. Bu addım dinlər, millətlər və xalqlararası münasibətlərə zərər vura bilər. Belə bir qətnamə qəbul etmək, Türkiyəni öz tarixinə yenidən baxmağa, qondarma "soyqırımı" tanımağa, Ermənistanla münasibətləri düzəltməyə çağırmaq absurddur. Hesab edirəm, bu qərar Ermənistan-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olacaq. .

- Milli Məclisin növbəti iclasında bu məsələ ilə bağlı etiraz bəyanatı qəbul oluna bilərmi?

- Bu məsələyə baxılmadan, müzakirə edilmədən fikir söyləyə bilmərəm. Biz hər zaman ayrı-ayrı beynəlxalq təşkilatların qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamələrə etirazımızı bildirmişik. Heç bir azərbaycanlı belə əsassız addıma müsbət yanaşa bilməz. Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə də bağlı etirazımızı müxtəlif formada ifadə edəcəyik.

- Sizcə, bu qətnamənin Dağlıq Qarabağ münaqişəsinə birbaşa və dolayısı aidiyyəti varmı?

- Əlbəttə var. Baxmayaraq ki, bu qətnamənin hüquqi qüvvəsi yoxdur və heç bir dövlətin üzərinə konkret öhdəlik qoymur, yalnız tövsiyə xarakteri daşıyır. Amma Avropa Parlamentinin addımının erməniləri ruhlandıracağını heç kəs inkar edə bilməz. Bu qərarla onlar Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmış olurlar, dəstək verirlər, onların yanında dayanırlar. Deməli, təcavüzə məruz qalmış insanların məhrumiyyətlərinə göz yumurlar, erməni təcavüzü nəticəsində doğma torpağından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının faciəsini, kədərini görməzliyə vururlar. Onlar Ermənistanın siyasətinə dəstək verirlər. Ermənistan da bundan ruhlanaraq, Dağlıq Qarabağ məsələsində daha kəskin mövqe tutacaq, təxribatlara əl atacaq. Buna heç bir şübhə yoxdur. Bu, Ermənistanın mövqeyində mütləq öz əksini tapacaq.

- Türkiyə və Azərbaycan bu prosesin qarşısını almaq üçün nə etməlidir?

- Azərbaycan və Türkiyə öz yoluna davam etməlidir, güclü olmalıdırlar, belə məsələlərdə birgə mövqe sərgiləməlidirlər. Bu məsələ dünyadakı hər bir azərbaycanlı, türk, tərəqqipərvər bəşəriyyətin nümayəndəsinin məsələsi olmalıdır. Məsələyə bu prizmadan yanaşsaq, Avropa ölkələrinin, digər dövlətlərin tarixində olan buna bənzər çoxsaylı faktları qaldırmaq, onlara münasibət bildirmək, qərarlar qəbul etmək mümkündür. Bununla da dünya xalqlarını çox asanlıqla bir-birilərinə qarşı qoyular. Görünür, Avropa Parlamentində bu qərarın qəbulunu körükləyənlər də məhz bu hədəfi güdürlər ki, dünyada millətlərarası münasibətlər daha da kəskinləşsin. Onsuz da xristian-müsəlman qarşıdurması getdikcə qızışmaqdadır. Bunu mənim bir siyasətçi olaraq söyləməyim bəlkə də doğru deyil, amma fakt budur. Tərəflər də bu münasibətlərin nəinki normallaşmasına, daha da qızışdırılmasına rəvac verən hərəkətlərə yol verirlər. 

Son xəbərlər

Orphus sistemi