Bakı. 31 avqust. REPORT.AZ/
Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar ataraq, Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və əksinə olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub”.
XİN vurğulayıb ki, Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz: “Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu yuxarıda qeyd edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb edildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına və mülkiyyətlərinə qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin sülh yolu ilə həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç zaman Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz. Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa və bu vəziyyətin saxlanılmasına yardım və kömək göstərməməyə və bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır. Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Ermənistan Silahlı Qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək”.