Azərbaycan Prezidenti: “Ermənistan prezidenti bir cümlədə dörd dəfə yalan danışıb” - YENİLƏNİB

Azərbaycan Prezidenti: “Ermənistan prezidenti bir cümlədə dörd dəfə yalan danışıb” - YENİLƏNİB “Hər kəs bilir ki, aprel döyüşlərinin nəticəsi nədir”
Qarabağ
3 İyun , 2016 11:07
Azərbaycan Prezidenti: “Ermənistan prezidenti bir cümlədə dörd dəfə yalan danışıb” - YENİLƏNİB

“O, mütləq Ginnesin rekordlar kitabına düşməlidir”

Bakı. 3 iyun. REPORT.AZ/ “Çox məhdud sayda erməni diasporası ilə sıx biznes əlaqəsində olan bəzi satılmış jurnalistlər var, hansı ki, biz onların adlarını hamımız yaxşı bilirik. Bu auditoriyada onların adlarını çəkmək yerinə düşməz. Onlar çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və çalışdılar ki, aprel ayının əvvəlində baş verən döyüşləri ermənilərin qələbəsi kimi qələmə versinlər. Amma alınmadı. Çünki bizim də imkanlarımız var, biz də öz sözümüzü deyə bilirik. Hamı da bilir ki, nələr baş verir. Hər kəs bilir ki, aprel döyüşlərinin nəticəsi nədir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən deyib.

“Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır ki, dünyanı aldatsın. Həmçinin, ilk olaraq öz xalqını, daha sonra dünya ictimaiyyətini aldatsın. İndi isə gülünc vəziyyətə düşüblər. Deyirdilər ki, guya onlar heç bir torpaq itirməyib. Gah da deyirdilər ki, onlar əksinə, Azərbaycan torpaqlarını zəbt ediblər. Yaxud da qələbə qazandıqlarını deyirdilər. Bundan başqa, itirdikləri torpaqların onlar üçün əhəmiyyəti yoxdur, ancaq Azərbaycan həmin torpaqları geri qaytarsın. Əgər həmin torpaqların əhəmiyyəti yoxdursa, Azərbaycan niyə həmin torpaqları qaytarmalıdır?! Yəni, onlar tamamilə özlərini itiriblər”, - dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, erməni tərəfi gülünc ifadələrlə özlərini ifşa edirlər: “Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə ifadə etdi. Onun sözləri təxminən belə idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb.

Bu dəfə də təkrar edirəm ki, aprel döyüşlərini ermənilər başladıb. Çünki Ermənistan tərəfi sülh istəmir. Onlara məsələnin sülh yolu ilə həll olunması ilə bağlı təzyiqlərin artdığını görəndə və bəyan edəndə ki, status-kvo dəyişdirilsin, bu mənada da onlar işğal etdikləri torpaqdan çıxmalıdırlar. Nəticədə ermənilər yenə də təxribatlara əl atırlar. Hətta aprel döyüşləri zamanı da onlar bizim mövqelərimizə hücumlar ediblər. Hətta təmas xəttində deyil, başqa istiqamətdə də, daima kəndləri atəşə tutublar. 2014-cü ildə də təxribata əl ataraq bizim mövqelərimizə hərbi helikopterlə hücum etmişdilər.

Bu bəhanədən istifadə edərək danışıqları bir il də dondurdular. Aprel döyüşləri də onların növbəti təxribatı idi. Azərbaycan ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu. İkinci yalan isə odur ki, Dağlıq Qarabağ ordusu guya vəziyyəti nəzarət altında saxlayır. Birincisi, bu necə nəzarətdir ki, özləri etiraf edirlər ki, 800 ha torpağı onlar itiriblər. Bu, çox qəribə nəzarətdir. Qeyd edim ki, Azərbaycan ordusunun azad otdiyi torpağın ölçüsü 800 ha deyil, 2000-dən çoxdur.

Ağdərə Dağlıq Qarabağın keçmiş muxtar vilayətidir. İnzibati ərazisi Fizuli, Cəbrayıl rayonlarına aid olan 2000 ha torpaqdan çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə çox əraziyə hazırda Azərbaycan ordusu nəzarət edir. Həmin ərazidə erməni ordusu tərpənə belə bilməz.

Üçüncü yalan Dağlıq Qarabağ ordusunun olmamasıdır. Bu, sadəcə onların mifologiyasıdır. Dağlıq Qarabağda erməni silahlı birləşmələri çərçivəsində xidmət edən hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır.

Dördüncü yalan isə ondan ibarətdir ki, Azərbaycan Rusiyadan guya xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu da tamamilə yalandır, Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Bu toqquşma baş verəndən sonra Azərbaycan əks hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Bundan sonra Ermənistan ordusu 2-3 gün çalışırdı ki, həmin mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, böyük itkilər verir, dayanmasa da daha çox torpaqlar itirəcək və Rusiyaya müraciət etdilər. Rusiyanın baş qərargah rəisi bizim baş qərargah rəisinə zəng edib dedi ki, Ermənistan atəşkəsin bərpa edilməsi ilə xahiş edib. Bununla əlaqədar bizim baş qərargah rəisi Moskvaya dəvət edildi. Ardınca Rusiya prezidenti mənə zəng etdi, eyni təkliflə çıxış etdi ki, atəş dayandırılsın. Qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın. Yəni, məsələ yalnız budur. Odur ki, bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. O, mütləq Ginnesin rekordlar kitabına düşməlidir. Təbii ki, anti-rekord kimi. Ermənistan heç olmasa hansısa sahədə dünyada birinciliyi əldə edə bilsin. Biz hər zaman olduğu kimi bu dəfə öz qüdrətimizi göstərdik”.

Son xəbərlər

Orphus sistemi