​Azərbaycan Avropa Ombudsmanlar İnstitutunun baş katibinə etiraz məktubu ünvanlayıb

​Azərbaycan Avropa Ombudsmanlar İnstitutunun baş katibinə etiraz məktubu ünvanlayıb "Siz münaqişənin daha da gərginləşməsinə səbəb olursunuz"
Qarabağ
30 Aprel , 2016 13:42
​Azərbaycan Avropa Ombudsmanlar İnstitutunun baş katibinə etiraz məktubu ünvanlayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutunun (AOİ) saytında Azərbaycanla bağlı qərəzli və böhtan dolu məlumatların yerləşdirilməsi ilə əlaqədar həmin qurumun Baş Katibi Yozef Zigelə etiraz məktubu göndərib.

Bu barədə "Report"a Ombudsman Aparatından bildirilib.

Məktubda bildirilir: “Avropa Ombudsmanlar İnstitutunun 11.04.2016-cı il tarixli bəyanatında qeyd olunur ki, “AOİ Dağlıq Qarabağdakı mülki əhalinin insan hüquqlarının pozulmasını və mülki obyektlərə olan hücumları qınayır”. Əslində isə Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı heç vaxt belə bir hücum olmayıb. Məlum olduğu kimi, erməni hərbi qüvvələri öz torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən atəşkəsi mütəmadi olaraq pozur və onların əsas hədəfi yaxın şəhər və kəndlərdə yaşayan dinc əhalidir. Bunu sübut edən çoxsaylı faktlar var. Yuxarıda göstərilən, düzgün ifadə olunmayan və həqiqəti əks etdirməyən bəyanatınızdakı cümləyə istinad edərək erməni informasiya saytları “AOİ Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı hücumlara görə Azərbaycanı qınayır” ifadəsi kimi dezinformasiya yayır və dünya ictimaiyyətinin fikrini çaşdırmağa çalışır. Buna görə də biz AOİ-nin 11.04.2016-cı il tarixli həmin bəyanatın saytdan götürülməsini və təkzib verilməsini tələb edirik.

Eyni zamanda, qondarma “Dağlıq Qarabağ Respublikasının” “insan hüquqları müdafiəçisinin” “2-5 aprel 2016-cı il tarixdə Azərbaycan hərbi qüvvələri tərəfindən Dağlıq Qarabağ Respublikasının mülki əhalisinə və Dağlıq Qarabağ ordusunun hərbi qulluqçularına qarşı törədilən vəhşiliklər” adlı saxta aralıq hesabatı AOİ-nin rəsmi saytında yerləşdirilib. Belə saxtalaşdırılan məlumatların yayılmasının dayandırılması məqsədilə həmin məruzənin saytınızdan götürülməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini tələb edirik.

AOİ tərəfindən dəstəkləndiyini öz səhifələrində qeyd edən www.euro-ombudsman.org saytı da həmçinin Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı həqiqətləri əks etdirməyən informasiyalar yayır.

Biz həmişə AOİ-yə ünvanlanan məktublarda bu quruma beynəlxalq hüquqa uyğun olaraq insan hüquqlarının təmini və müdafiəsi eyni zamanda, onların pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən ciddi bir təşkilat kimi baxdığımızı qeyd etmişik. Lakin, 25 ildən çox müddətdə mülki əhalinin insan hüquqlarının kütləvi pozulması ilə nəticələnən Azərbaycan ərazisinin 20 faizinin işğal faktını qınamayaraq, əksinə bu cür separatçı rejimin informasiya mənbələrindən göndərilmiş saxtalaşdırılmış hesabatların Sizin saytınızda yerləşdirilməsinə rəvac verməklə münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərmək əvəzinə, onun daha da gərginləşməsinə səbəb olursunuz.

Biz AOİ-yə ünvanlanmış bəyanat və məktublarımızın tərəfinizdən cavablandıracağınıza ümid edirik. Həmçinin, biz inanırıq ki, Siz qeyd olunmuş hesabatı və məlumatı öz saytınızdan siləcək və gələcək fəaliyyətinizdə bu cür hərəkətlərin qarşısını alacaqsınız.”

Son xəbərlər

Orphus sistemi