Bakı. 17 mart. REPORT.AZ/ "2017-ci ildə Avstriyanın ATƏT-dəki sədrliyi Almaniyanın cari sədrliyinin əla işinə əsaslanacaq. Biz Dağlıq Qarabağ münaqişəsi kimi vacib və həssas məsələdən xəbərdarıq. 2015-ci ildə qoşunların təmas xətti boyunca zorakılığın kəskin artması ciddi narahatlıq doğurur".
"Report" xəbər verir ki, bunu "The Business Year" nəşrinə müsahibəsində Avstriya prezidenti Haynts Fişer deyib.
Xatırladaq ki, 2017-ci ildə ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçəcək.
"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərindən məyusluğu barədə məlumatım var. Bununla belə, Minsk qrupunun münaqişənin həlli üçün yeganə praktik platforma olduğuna əminik", - deyə Avstriya prezidenti bildirib.
Prezidentin sözlərinə görə, münaqişənin Madrid prinsipləri əsasında həlli hələ də danışıqlar masasında qalmaqdadır. O, Avstriyanın bu uzun sürən münaqişənin həllində yardımçı olmağa hazır olduğunu da bildirib.